REGİONLAR
Ötən il Bərdə rayon Məşğulluq Mərkəzi tərəfindən 467 nəfər işə düzəlib
Bərdə, 14 yanvar, AZƏRTAC
Bərdə rayonunda işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Rayon Məşğulluq Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2017-ci ildə mərkəzə müraciət edən 2059 nəfər iş axtaran vətəndaşdan 467-si, o cümlədən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 11 nəfər kvota üzrə ayrılmış iş yerləri ilə təmin edilib. Vətəndaşlar əsasən qaz və su təchizatı, pambıq qəbulu və emalı müəssisələrində, çoxmənzilli binaların təmiri sahəsində işlə təmin olunublar.
Bu dövrdə 15 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib, 147 nəfərə işsizlik statusu verilib, 176 nəfərə müavinət təyin olunub. Sentyabr ayında əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə keçirilən “Əmək yarmarkası”nda 59 nəfər işaxtaran vətəndaşa göndəriş verilib ki, onlardan da 52-si işə düzəlib.
Rayonda yeniyetmə və gənclərin düzgün peşə seçiminə dəstək məqsədilə peşəyönümü tədbirlərin keçirilməsi də diqqətdə saxlanılır. Bərdə şəhər 3 və 4 nömrəli, Kətəlparaq, Uğurbəyli, Yeni Daşkənd, Zümürxan kənd tam orta məktəblərində keçirilən tədbirlərdə əmək bazarındakı mövcud vəziyyət, yüksək tələbat olan peşələr, gənc nəslin təlim-tərbiyəsi, onların yaşadıqları bölgənin əmək bazarında daha çox tələb olunan peşələri seçməkdə istiqamətləndirilməsi barədə müzakirələr aparılıb.
Bərdə rayonunda Prezident İlham Əliyevin 2016-cı il 7 aprel tarixli Sərəncamının icrası olaraq, özünüməşğulluq proqramı çərçivəsində rayonda işsiz və işaxtaran şəxslərin ailə təsərrüfatlarını yaratmaları üçün aktivlərlə (mal və materiallarla) təminat işləri də uğurla həyata keçirilir. Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 23 nəfər işsiz və işaxtaran şəxsə aktivlər verilib. Vətəndaşlar verilmiş aktivlər hesabına əsasən kənd təsərrüfatı və xidmət sahələri üzrə öz ailə təsərrüfatlarını formalaşdırıblar.