REGİONLAR
Ötən il Bərdədə 1272 abunəçi genişzolaqlı internet xidmətinə qoşulub
Bərdə, 13 fevral, AZƏRTAC
Bərdə rayonunda rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2017-ci ildə Təhlə kəndində 160 nömrə tutumlu yeni elektron ATS quraşdırılıb. Alpout-Xəsili kəndləri arasında 9 kilometr, Xanərəb kəndi istiqamətində 7,8 kilometr optik kabel çəkilib. Bərdə şəhərinin müxtəlif küçələrində, Kətəlparaq, Şatırlı və Cəyirli kəndlərində 237 abonentə xətt çəkilib, Mehdixanlı, Umudalılar, Seyid Yusifli, İkinci Hacallı və Həsənqaya kəndlərində 6,8 kilometr rabitə xətləri yenilənib.
Otuzikilər, Xanərəb, Çələbilər, Məşədiibişli kəndlərində, məcburi köçkünlər üçün salınmış yaşayış məhəlləsində, B.Hacıyev küçəsində və mərkəzi elektron ATS-lərdə 568 portluq DSLAM avadanlıqları quraşdırılıb. 185 ədəd yeni dəmir dirək basdırılıb, 3 kilometr yeni rabitə kabeli çəkilib, 192 ədəd yararsız dirək, 23 kilometr rabitə naqili yenisi ilə əvəz olunub. İl ərzində telefon abonentlərinin sayı 1010 nəfər artıb, 1272 abunəçi geniş zolaqlı internet xidmətinə qoşulub.
Həyata keçirilmiş tədbirlər nəticəsində şəbəkə tam optikləşdirilib, hər 100 ailəyə düşən telefonların sayı 45,6-ya, ADSL texnologiyası üzrə genişzolaqlı internet istifadəçilərinin sayı 48,1 faizə çatıb. Hazırda rayonda rabitə xidmətinin səviyyəsinin yüksəldilməsi, yüksəksürətli internet portlarının sayının artırılması istiqamətində işlər davam etdirilir.