REGİONLAR
Ötən il Cəlilabadda 17 min tona yaxın üzüm yığılıb
Cəlilabad, 9 yanvar, Bağır Əliyev, AZƏRTAC
Üzümçülük Cəlilabad rayonunda ənənəvi təsərrüfat sahələrindən biridir. Aqrar bölmənin bu gəlirli sahəsini inkişaf etdirmək məqsədilə rayonda yeni üzüm bağları salınır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ötən il Cəlilabadda 17 min tona yaxın üzüm istehsal olunub. Hər hektardan götürülən məhsuldarlıq 127 sentner təşkil edib.
Rayonda 1500 hektara yaxın üzüm sahəsi var. Bunun 360 hektarı texniki, yerdə qalan sahəsi isə süfrə üzümüdür. Ötən il 38 hektarda yeni üzüm bağları salınıb. Bu il də bu istiqamətdə işlər davam etdiriləcək.
Hazırda rayonun üzüm bağlarında bol məhsulun təməli sayılan quru budama işləri aparılır.
Ötən ilin dekabr ayında havaların yağmurlu keçməsi becərmə işlərinə təsir etsə də, məhsul istehsalçıları budama işlərini qısa müddətdə başa çatdırmaq üçün səylə çalışırlar.