Ötən il Dövlət Miqrasiya Xidmətinə 121 mindən çox əcnəbi və vətəndaşlığı olmayan şəxs müraciət edib
AzerTAg.az

Bakı, 16 yanvar, AZƏRTAC
Ötən il ərzində Dövlət Miqrasiya Xidmətinə (DMX) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 121 min 138 müraciət daxil olub.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, müraciətlərin hər biri qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.
Müvafiq dövrdə olduğu yer üzrə qeydiyyatla bağlı 314 min 329 əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciəti qeydə alınıb.
Bundan başqa, Azərbaycan Respublikasında miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən 19 min 480 qərar qəbul edilib.
Xəbərin mətnində orfoqrafik səhv var