İQTİSADİYYAT
Ötən il “Flydubai” aviaşirkəti sərnişin daşınmasını 4 dəfə artırmışdır
Bakı, 24 yanvar (AZƏRTAC). Ötən il “Flydubai” aviaşirkəti MDB ölkələri, həmçinin Mərkəzi və Şərqi Avropa regionu üzrə sərnişin daşımalarının həcmini əvvəlki ilə nisbətən təxminən 4 dəfə artırmışdır.
AZƏRTAC xəbər verir ki, aviaşirkətin məlumatına görə, 2012-ci ildə “Flydubai”nın uçuş xəritəsinə əlavə olunan yeni marşrutların 40 faizi MDB, Mərkəzi və Şərqi Avropa ölkələrinin payına düşmüşdür. Hazırda aviaşirkət MDB regionunun 16 şəhərinə uçuşlar həyata keçirir. Aviareyslər Azərbaycan, Gürcüstan, Ermənistan, Qırğızıstan, Makedoniya, Rusiya, Rumıniya, Serbiya, Türkmənistan və Ukraynanı əhatə edir. Eyni zamanda, “Flydubai” Fars körfəzi ölkələrində bütün Yaxın Şərq hava daşıyıcıları arasında ən iri marşrut şəbəkəsinə malikdir. Aviaşirkət hər həftə Bəhreyn, Qətər, Küveyt, Oman və Səudiyyə Ərəbistanına 265 aviareys həyata keçirir. Hazırda “Flydubai” şirkəti Dubay beynəlxalq hava limanının sayca ikinci iri hava daşıyıcısıdır.
Ötən il MDB ölkələrindən, habelə Mərkəzi və Şərqi Avropadan sərnişin axını 2011-ci illə müqayisədə 285 faiz, aviareyslərin sayı isə 114 faiz artmışdır. Hesabat ilində Fars körfəzi ölkələrindən sərnişin axını əvvəlki illə müqayisədə 65 faiz, aviareyslərin sayı isə 36 faiz çox olmuşdur.