REGİONLAR


Ötən il İlisu kəndindəki “Sumuq qala” abidəsini 2500-dən çox turist ziyarət edib

Qax, 14 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Qax rayonu ərazisində orijinal xüsusiyyətlərə malik qədim tarixi-memarlıq abidələri çoxdur. Belə abidələrdən biri də İlisu kəndinin ərazisində yerləşən “Sumuq qala”dır. İnşa tarixi XVIII əsrə aid edilən bu müdafiə qülləsi sümük kimi möhkəm olduğu üçün yerli əhali tərəfindən belə adlandırılır. Yerli ləhcədə “sümük” sözü “sumuq” kimi tələffüz olunur. Qala rayona gələn yerli və xarici turistlər üçün də böyük maraq kəsb edir.

İlisu Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Azər Qocayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 2018-ci ildə “Sumuq qala”nı 2500-dən çox yerli və xarici turist ziyarət edib. Qalaya gələn turistlərin sayı əvvəlki illə müqayisədə 500 nəfərdən çox artıb. İl ərzində abidəyə 300-dən çox xarici qonaq gəlib. Onların arasında Rusiya, Almaniya, Fransa və digər Avropa ölkələrindən gələnlər üstünlük təşkil edib. 2017-ci ildə isə abidəni daha çox ərəb turistlər ziyarət etmişdi.

Qoruğun direktoru qeyd edib ki, abidədə bərpa işləri aparıldıqdan sonra burada yerli əhalidən könüllü şəkildə toplanmış qədim əşyalar və sənətkarlıq nümunələri əsasında muzey yaradılıb. Hazırda muzeydə 300-ə yaxın eksponat nümayiş etdirilir. Muzeydəki çörək bişirmək üçün istifadə olunan təndir maketi, sənətkar tərəfindən hazırlanmış əsa, qədim xalça qalığı, köhnə sandıq, çörək təhnəsi, mis qablar və digər eksponatlar gələnlərin marağına səbəb olur.

Azər Qocayev deyib ki, “Sumuq qala”nın inşa tarixi İlisu sultanlığının inkişaf etdiyi, çiçəkləndiyi dövrə təsadüf edir. İlk vaxtlar sırf müdafiə qurğusu olan bu qüllə sonralar yaşayış üçün də istifadə olunub. İri ölçülü pəncərələr bunu sübut edir. Qafqaz müharibələri dövründə belə müdafiə qüllələri yerli əhalinin düşmənə müqavimət göstərməsində mühüm rol oynayırdı.

Direktorun sözlərinə görə, hazırda qoruğun ərazisində mühafizəyə götürülən 50 tarixi-memarlıq və mədəniyyət abidəsi var. Bu abidələrdən 13-ü dövlət qeydiyyatına alınıb. Onlardan ikisi – inşa tarixi XVII-XVIII əsrlərə aid edilən “Sumuq qala” və “Ulu məscid” ölkə əhəmiyyətli tarixi-memarlıq abidələridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.