REGİONLAR


Ötən il Kəngərlidə 16,5 milyon manatlıq sənaye məhsulu istehsal edilib

Kəngərli, 16 yanvar, AZƏRTAC

2018-ci ildə Kəngərli rayonunda 16 milyon 523 min manatlıq, yaxud 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz çox sənaye məhsulu istehsal olunub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar Kəngərli Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə səsləndirilib.

Rayon icra hakimiyyətinin başçısı Kamal Ələkbərov bildirib ki, Kəngərlidə sahibkarlığın inkişafı üçün lazımi imkanlar yaradılıb, bu sahəyə göstərilən dövlət qayğısının nəticəsində mövcud istehsal müəssisələrinin, fermer təsərrüfatlarının fəaliyyəti genişləndirilib. Ötən il sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün müraciət etmiş 289 fiziki şəxs dövlət qeydiyyatına alınıb.

Diqqətə çatdırılıb ki, 2018-ci ilin məhsulu üçün rayonda 8 min 665 hektar torpaq sahəsi əkilib. Bitkiçilik məhsulları içərisində taxılçılıq öz üstün mövqeyini saxlayıb, 4 min 706 hektar sahədə taxıl əkini aparılıb, zəmilərdən 13 min 128 ton məhsul yığılıb. Rayonda 116 hektar qarğıdalı sahəsindən 495 ton məhsul tədarük edilib, məhsuldarlıq hər hektar üçün 42,7 sentner olub. Kartofçuluğun da inkişafında müsbət dinamika saxlanılıb, 235 hektar sahədə kartof əkilib, 3 min 208 ton məhsul tədarük olunub.

Qeyd olunub ki, ötən il 299 hektar sahədə tərəvəz, 183 hektar sahədə bostan əkinləri həyata keçirilib, barverən meyvə bağlarından 6 min 862 ton məhsul yığılıb. Üzümçülüyün inkişaf etdirilməsi məqsədilə 1,5 hektar sahədə üzüm bağı salınıb, 2 min 200 ədəd üzüm tingi əkilib. Keçən il rayonda 26,2 hektar sahədə tütün əkilib, 41,6 ton quru tütün istehsal olunub. Həyata keçirilən məqsədyönlü tədbirlər kənd təsərrüfatının inkişafına təkan verib, ümumilikdə, 37 milyon 793 min manatdan çox kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz çoxdur.

K.Ələkbərov qeyd edib ki, 2018-ci ildə iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 39 milyon 201 min manat investisiya yönəldilib. Ötən il Qarabağlar kəndindəki türk-islam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar Türbə Kompleksi elmi və tarixi əsaslarla bərpa edilərək istifadəyə verilib. Rayon mərkəzindəki stadion yenidən qurulub, Böyükdüz kəndində 616 hektar əkin sahəsini əhatə edən yeni qapalı suvarma şəbəkəsi istifadəyə verilib. Qıvraq qəsəbəsindəki 48 mənzilli yaşayış binasının inşası başa çatdırılıb.

Müşavirədə məruzə ətrafında çıxışlar dinlənilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.