REGİONLAR
Ötən il Lerikdə 593 yeni iş yeri açılıb
Lerik, 8 fevral, Bağır Əliyev, AZƏRTAC
Ötən il Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə ayrılmış 36,8 milyon manat vəsait hesabına rayonda 10 modul tipli və Orand kəndində 180 şagird yerlik məktəb binasının, 50 yerlik Noda kənd uşaq bağçasının, Lerik şəhərində 48 mənzilli binanın, 56 kilometrlik Lənkəran-Lerik və 27 kilometrlik Piran-Hamarat-Vıjaker avtomobil yolunun tikintisi, Veri kəndinə qaz xəttinin, Lerik şəhəri, Şingədulan, Sors, Molalan və Geskon kəndlərinə su xəttinin çəkilməsi işləri həyata keçirilib. Rayonda aparılan tikinti-quruculuq işləri 2019-cu ildə də davam etdiriləcək, bir sıra obyektlər istifadəyə veriləcək. Həyata keçirilən tədbirlər nəticəsində rayon üzrə 593 yeni iş yeri açılıb. Onlardan 225-i daimi, 368 isə müvəqqətidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Lerik Rayon Mədəniyyət Mərkəzində keçirilən 2018-ci ilin sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş hesabat yığıncağında ətraflı danışılıb.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Yığıncaqda Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun hesabat məruzəsi dinlənilib.
Ötən il ölkəmizin bütün bölgələrində olduğu kimi, Lerik rayonunda da sosial-iqtisadi inkişaf sahəsində uğurlu nəticələrin qazanıldığını vurğulayan R.Bağırov 2018-ci ildə rayonun ictimai-siyasi həyatında ən yaddaqalan hadisənin oktyabrın 15-də Prezident İlham Əliyevin Lerikə növbəti səfərinin olduğunu bildirib. Dövlətimizin başçısının Lerik rayonunun iqtisadiyyatının inkişafına, infrastrukturun qurulmasına, əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş sosial obyektlərin açılışında iştirakı, ictimaiyyətin nümayəndələri ilə görüşü, rayonun gələcək inkişafı ilə bağlı imzaladığı sərəncamlar sakinlər tərəfindən böyük razılıqla qarşılanıb.
Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 13 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi üçün, Fövqəladə Hallar Nazirliyi tərəfindən isə təbii fəlakət nəticəsində evləri qəza vəziyyətinə düşmüş 30 nəfər rayon sakini üçün fərdi yaşayış evlərinin tikintisi davam etdirilir. Hesabat ilində Bayraq Muzeyində, 16,5 meqavat gücündə modul tipli elektrik stansiyasında, eləcə də Lerik şəhərinə içməli suyun verilməsi və kanalizasiya sisteminin qurulması layihəsi üzrə tikinti işləri başa çatdırılıb, iki subartezian quyusu qazılaraq istifadəyə verilib. Bu dövrdə rayon əhalisini dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədilə yeni transformatorlar quraşdırılıb, kənddaxili xətlər yeni kabellərlə əvəzlənib, 04/10 kilovoltluq elektrik hava xətləri əsaslı təmir olunub.
Ötən il Lerikdə kənd təsərrüfatı sahəsində də bir sıra uğurlar qazanılıb. Rayonda 60 hektardan çox ərazidə fındıq bağları salınıb, 27 hektarda tütün əkilib. Taxıl, tərəvəz, meyvə və digər kənd təsərrüfatı məhsullarının istehsalı artıb.
Qosmalıan kəndində soyuducu anbarın tikintisində işlər davam etdirilib, şəhərdə müasir standartlara uyğun yeni ticarət mərkəzləri tikilib istifadəyə verilib.
“Relax” turizm istirahət mərkəzində dəyəri 1,5 milyon manat olan yeni otellərin və digər yardımçı binaların tikintisində işlər sürətlə davam etdirilir.
Məruzə ətrafında çıxış edənlər ötən il Lerik rayonunda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan danışaraq, mövcud problemlərlə bağlı təkliflərini səsləndiriblər.
Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev və Milli Məclisin deputatı İqbal Məmmədov çıxış edərək 2018-ci ildə respublikada sosial-iqtisadi sahədə qazanılan uğurlardan söz açıb, tövsiyələrini bildiriblər.
Sonda müzakirə edilən məsələ bağlı qərar layihəsi qəbul olunub, Prezident İlham Əliyevə müraciət ünvanlanıb.