İQTİSADİYYAT
Ötən il Maliyyə Nazirliyinin Apellyasiya Şurasına 9 müraciət daxil olub
Bakı, 24 yanvar, AZƏRTAC
2017-ci ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Apellyasiya Şurasına 9 müraciət daxil olub.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sözügedən müraciətlərin 6-sı "Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə"nin tənzimləmə predmetinə aid olmayıb və adıçəkilən əsasnamənin şikayətlərə dair tələblərinə cavab verməyib. Bununla bağlı müraciət edən şəxslərə müvafiq qaydada yazılı cavab verilib.
Bundan başqa, ötən il Şuraya daxil olmuş müraciətlərdən biri ərizəçi tərəfindən geri götürülüb, digər bir ərizəçi tələbi barədə Apellyasiya Şurası ilə yanaşı məhkəmə qaydasında şikayət (inzibati iddia) verildiyi üçün həmin şikayət üzrə Şurada başlanılmış icraata xitam verilib.
Eyni zamanda, bir müraciətə Maliyyə Nazirliyinin Apellyasiya Şurasının iclasında baxılaraq ərizəçinin şikayətinin qismən təmin edilməsi barədə qərar qəbul olunub.