CƏMİYYƏT
Ötən il Mərkəzi Fitosanitar Laboratoriyada 46 mindən çox müayinə aparılıb VİDEO
Bakı, 11 may, AZƏRTAC
Mayın 12-si Beynəlxalq Bitki Sağlamlığı Günüdür. Ölkəmizdə bitki sağlamlığının təmin olunması, fitosanitar vəziyyətin nəzarətdə saxlanması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun tabeliyində laboratoriyalar fəaliyyət göstərir. Həmin laboratoriyalardan biri də Mərkəzi Fitosanitar Laboratoriyadır.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, həmin laboratoriyanın əsas fəaliyyət sahəsi bitki, bitkiçilik məhsulları və karantin nəzarətində olan materiallarda zərərli orqanizmlərin aşkarlanması və diaqnostikasından ibarətdir. Laboratoriya ölkəmizin ərazisinə başqa dövlətlərdən karantin tətbiq edilən zərərli orqanizmlərin daxil olması və yayılmasının qarşısının alınması, etibarlı sertifikatlaşdırma sisteminin dəstəklənməsi ilə respublikada istehsal olunmuş bitki və bitkiçilik məhsullarının beynəlxalq bazarlara çıxışına dəstək verilməsi, eləcə də fitosanitar sabitliyin təmin edilməsində mühüm rol oynayır.
Müasir maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan Mərkəzi Fitosanitar Laboratoriyada entomoloji, herboloji, fitohelmintoloji, mikoloji, bakterioloji və virusoloji ekspertizalar həyata keçirilir. Ekspertizalar EPPO, IPPC və digər beynəlxalq standartlara uyğun metodlarla icra olunur. Təkcə ötən il ərzində laboratoriyada 46 min 58 müayinə aparılıb.
Laboratoriyanın Karantin Ekspertiza Bölməsində entomoloji, herboloji və fitohelmintoloji istiqamətli sınaqlar aparılır. Entomoloji ekspertiza zamanı bitki, bitkiçilik məhsulları və digər karantin nəzarətində olan materiallarda zərərverici həşəratların və gənələrin, herboloji sınaqlar zamanı alaq otu toxumlarının, fitohelmintoloji müayinələr zamanı isə fitopatogen nematodların və ya onların sistalarının aşkarlanması, zərərli orqanizmlərin morfoloji və morfometrik əlamətlərinə əsasən növ mənsubiyyətinin təyin olunması həyata keçirilir.
Bitkilər üçün ciddi təhlükə yaradan göbələk, bakteriya və virus mənşəli bir sıra xəstəliklər onların məhsuldarlığını aşağı salmaqla yanaşı, ixrac imkanlarını da ciddi şəkildə azaldır. Bu sahədə laboratoriyanın Fitopatologiya və Genomolekulyar Diaqnostika Bölməsində bitki və bitkiçilik məhsullarında patogenlərin aşkarlanması və identifikasiyası üçün mikoloji, bakterioloji, virusoloji sınaqlar və GMO təyini həyata keçirilir. Fitopatoloji ekspertiza zamanı göbələk və bakteriya mənşəli xəstəlik törədicilərinin təbii substratdan ayrılması və qida mühitlərinə əkilməsi, müasir optik cihazlardan istifadə olunmaqla morfoloji və morfometrik əlamətlərə əsasən xəstəlik törədicilərinin aşkarlanması aparılır. Bakteriya və virus mənşəli bitki xəstəliklərinin identifikasiyası zamanı İmmunoferment analizi, real zamanda Polimeraza Zəncirvari Reaksiyası kimi metodlardan istifadə edilir ki, bu da diaqnostikanın daha dəqiq və qısa zamanda aparılmasına imkan verir.
Qeyd edək ki, Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Fitosanitar Laboratoriyası AZS ISO/IEC 17025:2009 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartı üzrə akkreditasiya olunub.