REGİONLAR
Ötən il “Naxçıvan Aqroservis” ASC tərəfindən 336 ədəd müxtəlif adda texnika alınıb
Naxçıvan, 18 yanvar, AZƏRTAC
“Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2020-ci ildə 3 milyon 699 min manat dəyərində 336 ədəd müxtəlif adda texnika və texnoloji avadanlıqlar alınıb. Onlardan 2-si “Klaas Dominator-130” markalı kombayn, 5-i “Sampo Rosenlew SR-2065” markalı kombayn, 9-u traktor, 16-sı toxumsəpən, 12-si peyinsəpən, 20-si presvuran, 56-sı kotan, 216-sı isə digər texnoloji avadanlıqlar olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətində keçirilən kollegiya iclasında danışılıb.
İclasda cəmiyyətin Baş direktoru Vasif Məmmədov məruzə ilə çıxış edərək bildirilib ki, cəmiyyətin fəaliyyəti dövründə muxtar respublikaya, ümumilikdə, 3075 ədəd texnika və texnoloji avadanlıqlar alınıb. 2020-ci ildə sahibkarlara 4699,7 min manat dəyərində 238 ədədi lizinq, 14-ü isə nağd yolu ilə, ümumilikdə, 252 ədəd texnika və texnoloji avadanlıqlar lizinqə verilib. Lizinq və nağd yolu ilə satılmış texnika və texnoloji avadanlıqlara 1856,3 min manat dəyərində dövlət büdcəsi hesabına 40 faiz güzəşt tətbiq edilib. Sahibkarlara verilmiş texnika və texnoloji avadanlıqların 2020-ci il borcundan 935 min 406 manat tam şəkildə və damazlıq cins mal-qaranın qalmış borcundan 145 min 490 manat vəsait yığılaraq müvafiq bank hesablarına köçürülüb.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq 11 balsüzən maşın, 2 ana arı yetişdirmə qutusu, 105 arı pətəyi alınıb. Onlardan 5 balsüzən maşın və 34 arı pətəyi arıçılıqla məşğul olan sahibkarlara satılıb.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.