Ötən il Naxçıvan Beynəlxalq Hava Limanında 83 mindən çox sərnişinə xidmət göstərilib
AzerTAg.az

Naxçıvan, 14 yanvar, AZƏRTAC
Ötən il Naxçıvan Beynəlxalq Hava Limanında, ümumilikdə, 83 146 sərnişinə xidmət göstərilib. Yerli hava xətləri ilə 78 min 429 sərnişin, 1 371 015 kiloqram baqaj, 380 628 kiloqram yük, 36 910 kiloqram poçt daşınıb. Beynəlxalq hava xətti ilə Naxçıvan-İstanbul istiqamətində 4126 sərnişin, 80 472 kiloqram baqaj, Naxçıvan-Moskva istiqamətində 591 nəfər sərnişin, 10 156 kiloqram baqaj daşınıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar Naxçıvan Beynəlxalq Hava Limanında ötən ilin yekunlarına həsr olunan iclasda səsləndirilib.
İclasda hava limanının direktoru Mənşur Gülməmmədli çıxış edərək bildirib ki, muxtar respublika rəhbərinin göstərdiyi dövlət qayğı sayəsində hava limanının hər il olduğu kimi, 2020-ci ildə də intensiv inkişaf prosesi davam edib. Aviasiya və uçuşların təhlükəsizliyinin təmin olunması istiqamətində ayrı-ayrı xidmət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi diqqət mərkəzində saxlanılıb. Belə ki, Hava gəmilərinə texniki xidmət sahəsi, Yanğın təhlükəsizliyi və qəza xilasetmə komandası, Texnoloji avadanlıqların istismarı və təmiri sahəsi, Xüsusi avtonəqliyyat xidmətlərinin maddi-texniki bazası gücləndirilib, həmin xidmətlərə ən müasirtipli texnikalar alınıb. Xüsusi avtonəqliyyat xidmətinə təyyarəyə yanacaqvuran 1 “Man” markalı maşın və şassi üzərində “Paksan” markalı teleskopik platforma, 1 “Man” markalı yanğınsöndürən maşın, 1 “TUG 660” modelli baqaj konveyeri alınıb.
“Hava limanı üçün ən vacib və səmərəli layihələrdən biri 2020-ci ilin ilk aylarında istismara verilən köhnə asfalt örtüklü uçuş-enmə zolağının yenidən qurulması və tikintisi olub. Uzunluğu 3 min 300, eni 60 metr, ümumi sahəsi 198 min kvadratmetr olan uçuş-enmə zolağı, enmə, yan təhlükəsizlik, son tormozlama zolaqları, həmçinin Cənubi Koreya istehsalı olan “You Yang” tipli “Kat-1” markalı işıqsiqnal avadanlıqları, Almaniya istehsalı olan “İLS-420” tipli hər iki istiqamətdə cihazlarla enməni təmin edən yerüstü naviqasiya sistemləri ilə, həmçinin çətin hava şəraitində təyyarələrin təhlükəsiz qəbulu və uçuşu üçün Finlandiya istehsalı olan “Xrams-4” tipli avtomatlaşdırılmış metroloji avadanlıqlarla təmin edilib”, – deyən Mənşur Gülməmmədli vurğulayıb ki, təhlükəsizliyin təmin olunması üçün zolaqda perimetrboyu termal videomüşahidə sistemi və quşlardan mühafizə sistemi quraşdırılıb. Yeni mühafizə postu binası tikilib. Hava limanı ərazisində yerləşən iki mərtəbədən ibarət inzibati polis binası əsaslı təmir olunub.
Qeyd edilib ki, uçuşların elektrik işıq texnikası ilə təminatı sahəsində yüksək gərginlik xətləri möhkəmləndirilib, yeni naqillər çəkilib, hava limanı ərazisini işıqlandırma sistemi və təhlükəsiz enerji ilə təmin etmək üçün müasir avadanlıqlar alınıb. Sərnişinlərə göstərilən xidmətin keyfiyyətini yüksəltmək və qeydiyyat sisteminin avtomatlaşdırılması üçün “Gabriel bilet satışı sistemi” və “Amedeus qeydiyyat sistemi” daha müasir “Videcom sistemi” ilə əvəz edilib.
Sonda məruzə ətrafında çıxışlar dinlənilib.
Xəbərin mətnində orfoqrafik səhv var