REGİONLAR


Ötən il Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin ünvanına 70 müraciət daxil olub

Naxçıvan, 11 yanvar, AZƏRTAC

Ötən il Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin ünvanına yazılı, şifahi və elektron formada 70 müraciət daxil olub. Daxil olan müraciətlərə qanunla müəyyən edilmiş müddətlərdə baxılıb və cavablandırılıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatında keçirilən yığıncaqda Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova danışıb.

Ülkər Bayramova məruzə ilə çıxış edərək bildirib ki, muxtar respublikada vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş tədbirlər 2018-ci ildə də davam etdirilib. Müvəkkil bu sahədə fəaliyyətini daxil olan müraciətlərin araşdırılması, insan hüquqlarının müxtəlif istiqamətləri üzrə müvafiq tədbirlərin həyata keçirilməsi, preventiv mexanizm funksiyasının icrası, dövlət orqanları, beynəlxalq qurumların Azərbaycan üzrə ofisləri ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirib. Müvəkkil insan hüquq və azadlıqlarının müdafiəsində mühüm əhəmiyyət kəsb edən hüquqi maarifləndirmə sahəsində fəaliyyətini ötən il də uğurla davam etdirib və bu istiqamətdə 74 tədbir keçirib.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin muxtar respublikada təbliği və öyrənilməsi həyata keçirilib, proqramın icrası təmin olunub.

Qeyd edilib ki, 2018-ci ildə 31 müəssisəyə mütəmadi olaraq və əvvəlcədən xəbərdarlıq edilmədən 80 dəfə baş çəkilib, preventiv mexanizm və insan hüquqlarının müxtəlif istiqamətləri üzrə təşkil olunan maarifləndirmə tədbirlərində 1300 nəfər iştirak edib.

Ülkər Bayramova qarşıda duran vəzifələrdən danışaraq qeyd edib ki, 2019-cu ildə də Müvəkkil təsisatı müvafiq sahələr üzrə fəaliyyətini davam etdirərək dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları, kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlıq nəticəsində əldə olunan müsbət təcrübənin daha da inkişaf etdirilməsi və mütəmadi təkmilləşdirilməsi istiqamətində səylərini artırmalıdır.

Sonra məruzə ətrafında çıxışlar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.