REGİONLAR
Ötən il Neftçalada üzüm bağlarından 307 ton məhsul yığılıb
Neftçala, 7 fevral, Mahir Babayev, AZƏRTAC
2018-ci ildə Neftçalada üzüm bağlarından 307 ton məhsul yığılıb.
Rayon statistika idarəsinin rəisi Şahin Mənəfov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ötən il rayonda 134,1 hektar üzüm bağından 307 ton məhsul tədarük olunub. Bu da 2017-ci ildə istehsal olunan üzümdən 101,4 ton çoxdur. Tədarük olunan məhsulun 107,5 tonu həyətlərdəki üzüm tarvarlarından, 200 tonu isə üzüm bağlarından toplanılıb. Məhsulun üçdəiki hissəsi Aşağı Qaramanlı, Cəngən, Xolqarabucaq kəndlərinin payına düşür. Ən yüksək nəticəni isə Aşağı Qaramanlı kəndində fəaliyyət göstərən fermerlər qazanıb. Onlar becərdikləri 90 hektar üzüm bağından 230 ton məhsul götürüb.
Hazırda rayonda həyətyanı sahələrlə birlikdə 134 hektardan çox üzüm sahəsi vardır ki, onun da 23 hektarı ötən il salınıb. Fermerlər üzüm plantasiyalarında yüksək mənfəət götürdüklərindən sahələrin genişləndirilməsinə böyük maraq göstərirlər. Bunun nəticəsində rayonda üzüm istehsalı get-gedə çoxalır.