REGİONLAR
Ötən il Oğuz rayonunda 90 fərdi yaşayış evi inşa olunub
Oğuz, 12 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Ötən il Oğuz rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının ümumi həcmi 111 milyon 521,2 min manat olub. 2020-ci ilin yanvar-dekabr aylarında rayonda 21 milyon 17,5 min manatlıq sənaye, 45 milyon 866,9 min manat dəyərində kənd təsərrüfatı və meşəçilik məhsulları istehsal edilib. Sənayedə məhsul istehsalı əvvəlki illə müqayisədə 12,6 faiz, aqrar sahədə isə 5,9 faiz artıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, ötən il Oğuz rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 13 milyon 937,9 min manat investisiya yönəldilib. İnvestisiyaların 13 milyon 508,6 min manatı və ya 96,9 faizi tikinti işlərinə sərf edilib. Tikinti-quraşdırma işlərinin 76,5 faizi dövlət, 23,5 faizi isə qeyri-dövlət müəssisə və təşkilatlarının payına düşüb.
Hesabat ilində rayonda ümumi sahəsi 9 min 804 kvadratmetr, dəyəri 2 milyon 984 min manat olan 90 fərdi yaşayış evi tikilib istifadəyə verilib.