REGİONLAR
Ötən il Qax rayonunda 2,5 dəfə çox quru tütün istehsal olunub
Qax, 7 fevral, Mustafa Dadaşov, AZƏRTAC
2017-ci ildə Qax rayonunda ənənəvi istehsal sahələrindən olan tütünçülüyün, baramaçılığın və fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı tədbirlər davam etdirilib. Ötən il rayonda tütün əkini sahələri əvvəlki illə müqayisədə 274,8 hektar artırılaraq 605,8 hektara çatdırılıb. Hesabat ilində rayonda 810 ton quru tütün istehsal olunub. Tütün istehsalı əvvəlki illə müqayisədə 2,5 dəfə artıb. Qaxlı fermerlər tütün satışından 1,3 milyon manat gəlir əldə ediblər. Keçənilki mövsümdə rayonda 12,5 ton, yəni əvvəlki ildəkindən 8,7 ton çox yaş barama məhsulu istehsal olunub. İl ərzində rayon ərazisində 1214 hektar sahədə yeni fındıq bağları salınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu faktlar 2017-ci ilin yekunları ilə əlaqədar fevralın 7-də Qax Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə rayonda istehsal olunan məhsulların sərgisinə baxıblar.
Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyevin hesabat məruzəsində bildirilib ki, 2017-ci il rayon iqtisadiyyatı üçün uğurlu olub. Belə ki, ötən il rayonda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının ümumi həcmi 2016-cı illə müqayisədə 40 faiz artaraq 154 milyon 339 min manat olub. Hesabat dövründə rayonda 12 milyon 118 min manatlıq sənaye, 52 milyon 218 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. Tikinti işlərinin həcmi əvvəlki illə müqayisədə 4,7 dəfə artaraq 50 milyon 327 min manat olub. İl ərzində rayonda 595 yeni iş yeri açılıb. 59 sahibkara 2 milyon 249 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 204 yeni iş yeri yaradılıb.
Bildirilib ki, 2017-ci il Qax rayonu üçün həm də Prezident İlham Əliyevin rayona növbəti səfəri ilə yadda qalıb. Avqustun 3-də reallaşan səfər zamanı dövlətimizin başçısı Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun, Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin, Bayraq Muzeyinin, yeni elektrik stansiyasının, 180 yerlik körpələr evi-uşaq bağçasının açılışlarında iştirak edib, tütün qəbulu məntəqəsində yaradılan şəraitlə tanış olub. Avqustun 4-də isə Prezident İlham Əliyevin sədrliyi ilə Qax rayonunda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib.
Diqqətə çatdırılıb ki, dövlətimizin başçısının ölkədə aqrar-sənaye kompleksinin inkişafı ilə bağlı verdiyi tapşırığa uyğun olaraq ötən il rayonda 2044 hektar ərazidə payızlıq dənlilər, paxlalılar və digər yem bitkiləri istehsalı üzrə ixtisaslaşan aqroparkın yaradılması istiqamətində işlər davam etdirilib. Hesabat dövründə aqropark ərazisinin suvarma suyu ilə təmin olunması məqsədi ilə 4,5 kilometr uzunluğunda su xətti çəkilib. Aqroparkın Daşüz adlanan ərazisində 15 ədəd dairəvi suvarma sistemi quraşdırılıb. Hazırda yeni salınacaq meyvə bağları üçün damcılı suvarma sisteminin quraşdırılması işləri davam etdirilir.
2017-ci ildə rayonun tarixində ilk dəfə rekord miqdarda – 43,2 min ton payızlıq dənlilər istehsal olunub. Taxıl istehsalı əvvəlki illə müqayisədə 6,8 min ton artıb. 2018-ci ilin məhsulu üçün 13 min 757 hektar sahədə payızlıq taxıl səpilib.
Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla ayrılan vəsait hesabına ötən il Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası və əlavə istehsal sahələrinin yaradılması ilə bağlı işlərə başlanılıb. Hazırda stansiyada tikinti işləri sürətlə davam etdirilir.
Hesabat məruzəsində, həmçinin 2017-ci ildə əhalinin təbii qaz, elektrik enerjisi, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlər də ətraflı təhlil olunub.
Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Rüfət Əliyev çıxış edərək, 2017-ci ildə respublikamızda sosial-iqtisadi sahədə qazanılan uğurlardan danışıb, tövsiyələrini bildirib.
Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.