REGİONLAR
Ötən il Qəbələdə 3206 yeni iş yeri açılıb
Qəbələ, 25 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Regionların sosial-iqtisadi inkişafı sahəsində qəbul edilmiş dövlət proqramlarında, həmçinin regionların inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası nəticəsində 2003-cü ilin oktyabrından 2020-ci il yanvarın 1-dək Qəbələ rayonunda 16 min 893-ü daimi olmaqla, 21 min 400 yeni iş yeri açılıb. Təkcə ötən il rayonda 3 min 206 yeni iş yeri yaradılıb. Bu iş yerlərinin 2685-i daimidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Qəbələ rayonunda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında məlumat verilib.
Bildirilib ki, ötən il Qəbələ Rayon Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyata alınan 1936 nəfərdən 708-i işlə təmin edilib. İşsiz və işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunun təmin olunması istiqamətində işlər davam etdirilərək, hesabat dövrü ərzində mərkəzdə qeydiyyatda olan vətəndaşlardan 336 nəfəri “Dost iş” MMC-də ictimai işlərə cəlb olunub.
Eyni zamanda, özünüməşğulluq proqramının növbəti mərhələsində iştirak etmək üçün müraciət edən şəxslərdən sosial müdafiəyə xüsusi ehtiyacı olan 188 nəfər, o cümlədən 64 əlil “Öz biznesinə başla və təkmilləşdir” təlimlərinə cəlb edilib. Onlardan 186 nəfəri təlimləri uğurla başa vurub, 183 nəfər biznes planların qiymətləndirilməsindən uğurla keçib. Qiymətləndirmə mərhələsini keçmiş vətəndaşların 140 nəfəri aktivlərlə təmin edilib.