REGİONLAR
Ötən il Qəbələnin otel və mehmanxanalarında 58 mindən çox yerli və əcnəbi turistə xidmət göstərilib
Qəbələ, 18 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycanın qədim yaşayış məskənlərindən olan Qəbələ bu gün həm də, ölkənin ən önəmli turizm mərkəzlərindən biri kimi tanınır. Müasir tələblərə cavab verən yeni otel və istirahət mərkəzlərinin istifadəyə verilməsi, münasib qiymətlər, yenilənmiş yol infrastrukturu Qəbələyə turist axınının artmasını şərtləndirən başlıca amillərdəndir. Geniş turizm infrastrukturuna malik Qəbələ rayonu ilin bütün fəsillərində turistlərin diqqətini özünə cəlb edir.
Qəbələ Rayon Statistika İdarəsinin rəisi Ayaz İsgəndərov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 2020-ci ildə rayondakı otel və mehmanxana tipli müəssisələrə 58 min 116 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 48 min 780 nəfəri və ya 83,9 faizi Azərbaycan, 9 min 336-sı və ya 16,1 faizi xarici ölkə vətəndaşı olub.
İdarə rəisinin sözlərinə görə, koronavirus pandemiyası səbəbindən mart ayından etibarən ölkələr arasında əlaqələrin məhdudlaşdırılması, həmçinin ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq olunması Qəbələnin turizm sektoruna da öz mənfi təsirini göstərib. Xüsusilə, əcnəbi turistlərin sayında əvvəlki illə müqayisədə xeyli azalma qeydə alınıb.
Ümumiyyətlə, ötən il Qəbələnin otel və mehmanxana tipli müəssisələrinə yerləşdirilən yerli və əcnəbi turistlərin sayı əvvəlki illə müqayisədə 128 min 315 nəfər və ya 68,8 faiz azalıb. O cümlədən yerli turistlərin sayında 16 min 812 nəfər və ya 25,46 faiz, xarici ölkə turistlərinin sayında isə 111 min 503 nəfər və ya 92,3 faiz azalma qeydə alınıb.
Statistik məlumata əsasən, 2020-ci ildə Qəbələyə gələn əcnəbi turistlər arasında Səudiyyə Ərəbistanının vətəndaşları üstünlük təşkil edib. İl ərzində bu ölkənin 2742 vətəndaşı Qəbələdə olub. Ümumiyyətlə, ötən il bu qədim diyara Birləşmiş Ərəb Əmirliklərindən 1796, Hindistandan 719, Omandan 527, Küveytdən 439, Rusiyadan 423, Türkiyədən 418, Pakistandan 322, Bəhreyndən isə 145 nəfər turist gəlib. Qəbələyə gələn əcnəbi turistlərin 1805 nəfəri isə digər ölkələrin vətəndaşları olub.
A.İsgəndərov bildirib ki, 2020-ci ildə rayon ərazisində 17 mehmanxana və mehmanxana tipli müəssisə fəaliyyət göstərib. Bu obyektlərin birdəfəlik tutumu 2192 yerdir. Ötən ilin yanvar-dekabr aylarında otel və mehmanxanalarda 26 min 301 çarpayı-yerdən istifadə olunub. Bir gün qalmaq üçün orta qiymət 85,4 manat təşkil edib. Turistlərin qalma müddəti 1-2 gün olub.
Ötən dövrdə turizm obyektlərində 970 işçi çalışıb. Onlardan 193 nəfərini qadınlar, 129 nəfərini turizm və otelçilik üzrə təhsil alan mütəxəssislər, 20 nəfərini isə əcnəbi işçilər təşkil edib.