MƏDƏNİYYƏT
Ötən il Qəbələyə 35 min 850 turist gəlmişdir
Qəbələ, 1 yanvar (AZƏRTAC). Qəbələ rayonuna gələn yerli və xarici turistlərin sayı ildən-ilə artmaqdadır.
Rayon mədəniyyət və turizm şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, 2011-ci ildə Qəbələyə 35 min 850 turist səfər etmişdir ki, onlardan 30 min 150-i yerli, 5700 nəfəri isə xarici vətəndaşdır. Qonaqların 31 min 400-ü müxtəlif turizm obyektlərində istirahət etmiş, 3868-i işgüzar səfərdə olmuş, 592-si isə sanatoriyada müalicə olunmuşdur.
Ötən il Qəbələ 15-ə yaxın yerli və beynəlxalq əhəmiyyətli iqtisadi və mədəni-kütləvi tədbirlərə ev sahibliyi etmişdir ki, bu da rayona işgüzar səfərə və istirahətə gələnlərin sayının artmasına səbəb olmuşdur. Məlumata görə, 2008-ci ildə Qəbələyə 14 min 630 turist, 2009-cu ildə isə ondan iki dəfə çox, yəni, 29 min 855 turist səfər etmişdir. 2010-cu ildə isə rayona 30 min 450 turist gəlmişdir.
Hazırda rayonda irili-xırdalı 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyətdədir. Cari ildə rayonda “Qafqaz sport” oteli istifadəyə verilmiş, “Yengicə” İstisu Sağlamlıq Mərkəzinin ikinci korpusunun inşası davam etdirilmişdir. Qəbələdə müasir standartlara cavab verən turizm obyektlərinin sayı ötən 6 ildə 4 dəfə artaraq 17-yə çatmışdır. Həmin turizm mərkəzlərində yüksək səviyyədə restoran və otel xidmətlərinin, eləcə də meşə gəzintisi, atla gəzinti, balıq ovu, göldə qayıqla gəzinti, görməli yerlərə və tarixi abidələrə səyahət və digər xidmətlərin göstərilməsi üçün imkan yaradılmışdır. Hazırda rayonda 3 belə obyektin inşası davam etdirilir.