REGİONLAR


Ötən il Saatlıda süni mayalanma yolu ilə 1136 baş buzov alınıb

Saatlı, 17 may, Mahir Babayev, AZƏRTAC

Saatlıda aqrar sektorun digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsullarının istehsalını artırmaq məqsədilə hər il yeni-yeni heyvandarlıq təsərrüfatları yaradılır ki, bu da öz növbəsində ət və süd istehsalının və mal-qaranın baş sayının artmasına səbəb olur.

Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən ətlik və südlük istiqamətli düyələr gətirilir, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilir.

Rayon Kənd Təsərrüfat İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda Saatlıda 9 süni mayalanma məntəqəsi fəaliyyət göstərir və ötən il bu məntəqələrdə mütəxəssislər tərəfindən mayalanma aparılmış 1508 inəkdən 1136 baş buzov alınıb.

Əhmədbəyli kənd heyvandarlıq təsərrüfatının rəhbəri Aydın İbadovun dediyinə görə, süni mayalanma yolu ilə alınan buzovlar rayonun iqlim şəraitinə tez uyğunlaşır və onların həm diri çəkisi, həm də südü yerli heyvanlardan 3-4 dəfə çox olur.

Qeyd edək ki, süni mayalanma yolu ilə alınan buzovlara görə ötən ilin oktyabr və bu ilin aprel ayları ərzində rayonda 841 maldara 101 min 600 manat subsidiya ödənilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.