İQTİSADİYYAT


Ötən il Sabunçu rayonunda 135 küçə və yol asfaltlanıb

Bakı, 29 yanvar, AZƏRTAC

2019-cu ildə Bakının Sabunçu rayonununda 135 küçə və yol asfaltlanıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən keçən il Sabunçu rayonunun Maştağa, Bakıxanov, Ramana, Sabunçu, Kürdəxanı, Zabrat və Pirşağı qəsəbələrində 87 kilometr uzunluğunda olan 135 küçə və yola asfalt-beton örtüyü döşənib. Rayon ərazisində kompleks tədbirlər 2020-ci ildə də davam etdirilir. Hazırda rayonun Pirşağı, Zabrat, Ramana və Maştağa qəsəbələri ərazisində ümumi uzunluğu 15 kilometr olan daxili küçə və yollarda əsaslı təmir işləri həyata keçirilir. Ümumilikdə təmir işlərinin əhatə etdiyi sahə 100 min kvadratmetrə yaxındır. Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır. Pirşağı qəsəbəsi üzrə A.Ağazadə və Ə.Məlikov küçələri, Bağlar massivi, Maştağa qəsəbəsi üzrə S.Vurğun küçəsi, Zabrat qəsəbəsi üzrə R.Axundov küçəsi, Ramana qəsəbəsi üzrə İ.Rəhmanov, M.Qafarov, C.Cabbarlı və Xanlar küçələri, həmçinin sadalanan küçə və yollara birləşən dalan, döngə və yollarda təmir işləri görülür.

Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir. Daha sonra yeni asfalt-beton örtüyü döşənir.

Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq ayrılmış vəsait hesabına aparılır. Növbəti mərhələlərdə ayrılan vəsaitə uyğun olaraq, sözügedən qəsəbələr üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da təmir işlərinin aparılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.