REGİONLAR
Ötən il Salyanda maldarlara 338 min manatdan çox subsidiya ödənilib
Salyan, 22 mart , Mahir Babayev, AZƏRTAC
Salyanda heyvandarlıq əsas təsərrüfat sahələrindən biridir. Dövlətin aqrar bölmənin digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da göstərdiyi hərtərəfli qayğı, son məhsula və bala alımına görə maldarlara verdiyi əlavə subsidiyalar rayonda bu sahənin inkişafına güclü təkan verib, mal-qaranın baş sayının artmasına səbəb olub.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən yüzlərlə baş ətlik və südlük düyələr gətirilir, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilir. Süni mayalama yolu ilə doğulan hər baş buzov üçün dövlət tərəfindən 100 manat subsidiyanın verilməsi təsərrüfat sahiblərində heyvandarlığın inkişafında bu yoldan geniş istifadə etmələrinə marağı daha da artırıb.
Hazırda rayonda 9 süni mayalanma məntəqəsi fəaliyyət göstərir. 2018-ci ildə bu məntəqələrin mütəxəssisləri tərəfindən mayalanma aparılmış 6 min 237 baş inək və düyədən 3 min 386 baş buzov alınıb. Doğulan buzovlara görə maldarlara, ümumilikdə, 338 min 600 manat subsidiya ödənilib.
Qeyd edək ki, hazırda Salyanın heyvandarlıq təsərrüfatlarında 63 min 383 baş iribuynuzlu mal-qara saxlanılır. Bunların 75 faizi süni mayalanma yol ilə cins tərkibi yaxşılaşdırılmış heyvanlardır.