Ötən il Şəkidə 65,7 milyon manatlıq sənaye məhsulu istehsal edilib
AzerTAg.az

Şəki, 2 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Ötən il Şəki rayonunda sənaye sahəsində 65 milyon 740,7 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Məhsul istehsalı əvvəlki illə müqayisədə 1 milyon 578, 5 min manat artıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, Şəki rayonunun sənayesi əsasən toxuculuq, elektrik enerjisinin istehsalı və bölüşdürülməsi, qazın bölüşdürülməsi, suyun yığılması, təmizlənməsi və paylanması, həmçinin tikinti materialları, siqaret, şərab, qida, un və un məmulatlarının istehsalı kimi sahələri əhatə edir. 2022-ci ildə Şəkidə toxuculuq sənayesi sahəsində 3 milyon 37,8 min manatlıq məhsul istehsal olunub.
Hazırda Şəkidə 1-i iri, 8-i orta, 4-ü kiçik və 5-i mikro olmaqla, 18 sənaye müəssisəsi fəaliyyət göstərir. Sənaye sahəsində 1230 işçi çalışır. Ötən il bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı 546,7 manat olub. Bu, əvvəlki illə müqayisədə 73,1 manat çoxdur.
Xəbərin mətnində orfoqrafik səhv var