ELM VƏ TƏHSİL
Ötən il Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 15 min 463 müraciət daxil olmuşdur
Bakı, 12 fevral (AZƏRTAC). 2012-ci ildə Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefon: 146; elektron poçt ünvanı: [email protected]) 15 min 463 müraciət daxil olmuşdur.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, müraciətlərin 14 min 678-i sorğu, 785-i isə şikayət xarakterlidir.
Ötən il “Qaynar xətt” xidmətinə yanvarda 1.441, fevralda 1.629, martda 1.629, apreldə 1.265, mayda 1.055, iyunda 1.073, iyulda 2.385, avqustda 1.196, sentyabrda 1.441, oktyabrda 974, noyabrda 613, dekabrda isə 762 müraciət edilmişdir.
“Qaynar xətt” xidmətinə daxil olan müraciətlərin təhlili göstərir ki, təhsil sahəsində həyata keçirilən islahatlarla geniş ictimaiyyət yaxından maraqlanır. Bütün sorğuların təxminən 70 faizdən çoxu ümumi təhsil məktəblərində müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş imtahanların təşkili, keçirilməsi və nəticələri ilə əlaqədar olmuşdur. Digər sorğular təhsil sistemində həyata keçirilən proqramlar, beynəlxalq layihələr, ölkə və beynəlxalq fənn olimpiadaları, təhsil sisteminin maliyyələşdirilməsi, xaricdə təhsil, əlavə təhsil, ayrı-ayrı təhsil pillələrinə qəbul, ümumi təhsil məktəblərinin buraxılış siniflərində, ali və orta ixtisas təhsili müəssisələrində yeni qiymətləndirmə sistemi və s. ilə bağlıdır.
Bəzi sorğularda təhsil sənədlərinin alınması və tanınması ilə əlaqədar məsələlər öz əksini tapmışdır.
“Qaynar xətt” xidmətinə daxil olan şikayət məzmunlu müraciət ümumi, texniki peşə, orta ixtisas, ali və məktəbdənkənar təhsil müəssisələri ilə bağlıdır. Müraciətlərdə ümumi təhsil müəssisələrində tədris prosesinin təşkili, maddi-texniki təchizat sahəsindəki çatışmazlıqlar və digər məsələlər öz əksini tapmışdır.
Bütün müraciətlər araşdırılmış və müvafiq tədbirlər görülmüşdür.