REGİONLAR


Ötən il Tərtərdə kənd təsərrüfatı sahəsində uğurlu nəticələr qazanılıb

Tərtər, 18 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunun iqtisadiyyatında aparıcı yer tutan kənd təsərrüfatında 2018-ci ildə uğurlu nəticələr əldə edilib. Aqrar sahəyə göstərilən diqqət və qayğı, fermer və sahibkarların güzəştli şərtlərlə kredit, toxum, gübrə, texnika almaq imkanları, əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq üçün dövlət tərəfindən subsidiya verilməsi kənd təsərrüfatının əsas istehsal sahələrindən olan bitkiçiliyin inkişafına stimul yaradır.

Tərtər rayon statistika idarəsinin rəisi Ədalət Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 2018-ci ildə rayonda 26 min 109,3 hektarda kənd təsərrüfatı bitkiləri becərilib. Əkinlərin 11 min 725,9 hektarı dənli və dənli paxlalı bitkilər, 5603,9 hektarı texniki bitkilər, 1515,4 hektarı kartof, bostan və tərəvəz bitkiləri, 7264,1 hektarı yem bitkiləri olub.

Ötən il 45 min tondan artıq dənli və dənli paxlalılar istehsal edilib. İstehsal olunan məhsulun 30 min 984,4 tonu buğda, 13 min 190,8 tonu arpa, 676,4 tonu qarğıdalı, 18,1 tonu darı, 70,9 tonu noxud, 45,8 tonu lobya, 17,9 tonu soyadır. Dənli və dənli paxlalı bitkilərin hər hektarının orta hesabla məhsuldarlığı 2017-ci ilə nisbətən 15 sentner artaraq 38,2 sentner təşkil edib. Hər hektardan orta məhsuldarlıq buğda üzrə 41,1 sentner, arpa üzrə 32,9 sentner olub.

Bundan başqa, il ərzində təsərrüfatlarda 5483,6 kartof, 14 min 237,2 ton tərəvəz, 1,1 ton bostan məhsulları, 3688,3 ton dən üçün günəbaxan istehsal edilib.

Tərtər rayonunda əhalinin əsas məşğuliyyət növlərindən biri bağçılıq və tingçilikdir. Son illərdə kənd təsərrüfatının digər sahələri kimi bu istiqamətdə də inkişafa nail olunub. Rayonda 1397,8 hektar meyvə bağları və 11,6 hektar üzümlüklər var. Meyvə bağlarının 1118,8 hektarı barverəndir. 2018-ci ildə 100,9 hektar sahədə yeni meyvə bağları və giləmeyvəlik, o cümlədən 32,8 hektarda xurma, 24,3 hektarda şaftalı, 9,9 hektarda armud, 8,2 hektarda gilas, 6,9 hektarda alça, 6,4 hektarda alma, 6,2 hektarda badam, 2,4 hektarda gavalı, 2,1 hektarda ərik, 1,5 hektarda fındıq bağları salınıb, 0,2 hektarda çiyələk əkilib, 1 milyon 692 min 685 ədəd meyvə və 224 min ədəd dekorativ bitki tingləri yetişdirilib. Rayon ərazisindəki bağlardan 10 min 363,7 ton meyvə və giləmeyvə, 1045 ton üzüm yığılıb.

2018-ci ildə ölkəmizdə pambıqçılığın inkişaf etdirilməsi, pambığın keçmiş şöhrətinin qaytarılması istiqamətində görülən tədbirlər Tərtər rayonunda da öz bəhrəsini verib. 3300 hektar sahədə pambıq becərən tərtərli torpaq mülkiyyətçiləri 8196,5 ton məhsul tədarük ediblər. Hər hektar pambıq sahəsində orta məhsuldarlıq 24,8 sentner olub. Tərtər rayonu pambığın məhsuldarlığına görə ölkə üzrə üçüncü yerdədir.

Tərtər ölkəmizdə ən çox şəkər çuğunduru istehsal edən rayonlardandır. Keçən il rayonda 859 hektar sahədə şəkər çuğunduru becərilib, 29 min 928 ton məhsul istehsal edilib. Hər hektarın orta məhsuldarlığı 348,4 sentnerdir.

Dövriyyədə olan torpaqlardan səmərəli istifadənin nəticəsi olaraq keçən il rayonda 259,1 hektar sahədə təkrar əkin aparılıb ki, həmin sahələrdən 160,8 ton dənli və dənli paxlalılar, 32,5 ton texniki bitkilər, 815 ton müxtəlif növ tərəvəz, 970,5 ton quru ot istehsal edilib. Təkrar əkinin tətbiqi kənd təsərrüfatı məhsulları, o cümlədən dən və yaşıl yem istehsalının artırılmasında mühüm rol oynayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.