REGİONLAR


Ötən il Tərtərdəki yaşayış kompleksində 170, "Qobu Park” yaşayış kompleksində isə 126 laçınlı məcburi köçkün ailəsi yeni mənzillə təmin olunub

Ağcabədi, 8 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

Laçınlı məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, problemlərin öyrənilməsi və vaxtında həll olunması daim diqqət mərkəzində saxlanılır. 2018-ci ildə laçınlı məcburi köçkünlərin məskunlaşdıqları şəhər və rayonlarda 42 səyyar qəbul keçirilib. 2991 nəfərin iştirak etdiyi bu qəbullarda 425 nəfər, rayon icra hakimiyyəti başçısı aparatında isə 3273 nəfər rayon sakininin müraciəti dinlənilib. Ötən il 170 laçınlı məcburi köçkün ailəsi Tərtər rayonunda inşa edilən yaşayış kompleksində, 126 ailə isə "Qobu Park” yaşayış kompleksində yeni mənzillərlə təmin edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində yerləşən Laçın Rayon İcra Hakimiyyətində 2018-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunan yığıncaqda məlumat verilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Taxtakörpü qəsəbəsindəki abidəsini ziyarət edərək, önünə tər gül dəstələri qoyublar.

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin hesabat məruzəsində bildirilib ki, 2018-ci ildə Taxtakörpü ərazisində abadlıq-quruculuq işləri davam etdirilib. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Taxtakörpü ərazisində Ağbulaq, Sonasar və Katos kənd məktəbləri üçün modul tipli binalar quraşdırılıb, Qayğı qəsəbəsi qazlaşdırılıb, 552 ailəlik qəsəbəyə yeni içməli su xətti çəkilib. Taxtakörpü qəsəbəsindəki parkın giriş hissəsi dəyişdirilərək, Heydər Əliyev adına meydan inşa olunub, "Şəhidlər" abidə kompleksində təmir işləri aparılıb, ətrafı abadlaşdırılıb.

Taxtakörpü ərazisində məskunlaşmış köçkün ailələrinin fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün 0,4 və 10 kVa-luq hava xətlərində cari təmir işləri görülüb, istismara yararsız 263 ədəd elektrik dayağı və 04 kv-luq hava xəttində 21 min 800 metr, 10 kv-luq hava xəttində 16 min metr naqil yenisi ilə əvəz olunub. Sıradan çıxmış 7 transformator yenilənib, 36 transformator təmir olunub. Hazırda Qayğı qəsəbəsində yararsız halda olan elektrik xətləri yeni SİP kabellə əvəzlənir.

Əhalini içməli su təmin etmək məqsədilə 37 ailəlik qəsəbədə 900 poqonmetr, 21 ailəlik qəsəbədə 150 poqonmetr yararsız hala düşmüş metal borular polipropilen borularla əvəz olunub. Mişni, Qarıqışlaq nasos stansiyalarında təmir işləri aparılıb, Mişni-Mayis, Taxtakörpü-Qarakeçdi, Kür çayı-Mişni magistral su xətlərinin 64 poqonmetr, obalarda və qəsəbələrdə daxili su xətlərinin 1737 poqonmetr hissəsi yenisi ilə əvəz olunub, 37 saylı qəsəbə su sayğacları ilə təmin edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə Ağbulaq, Sadınlar və Fingə obalarında 256 ailəni içməli su ilə təminatının yaxşılaşdırılması üçün modul tipli sutəmizləyici qurğular quraşdırılıb. Şeylanlı obasında bir ədəd artezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib.

Yığıncaqda diqqətə çatdırılıb ki, Laçın rayon əhalisi əsasən heyvandarlıq və bitkiçiliklə məşğul olur. Hesabat dövründə əhali və fermer təsərrüfatlarında 32 min 11 baş iribuynuzlu, 136 min 479 baş xırdabuynuzlu heyvan olub. Bu dövrdə 2144,6 ton ət, 15 min 609,8 ton süd, 257,1 ton yun istehsal olunub. Taxtakörpü ərazisində taxılçılıqla məşğul olan məcburi köçkünlər 2450,2 ton məhsul əldə ediblər. Bundan başqa, ötən il ilk dəfə olaraq ipəkqurdu bəsləyən laçınlı məcburi köçkünlər 1 ton 52,1 kiloqram barama tədarük ediblər. Rayonda baramaçılığın inkişafı məqsədlə Taxtakörpü ərazisində ötən illərdə Çindən gətirilmiş 1100 ədəd tut tingi əkilib.

Məruzə və çıxışlarda görülmüş işlərlə yanaşı, mövcud problem və çatışmazlıqlar da qeyd olunub, qarşıda duran vəzifələrdən danışılıb. Bildirilib ki, Taxtakörpü ərazisində 645 ailəlik üç qəsəbənin və xalça emalatxanasının tikintisi, obalarda daxili avtomobil yollarının çəkilməsi və 13 kilometrlik Taxtakörpü-Mayis avtomobil yolunun asfaltlanması, kənd təsərrüfatının inkişaf etdirilməsi və əhalinin məşğulluğunun artırılması 2019-cu ildə qarşıda duran vəzifələrdəndir.

Hesabat yığıncağında Prezident Administrasiyasının məsul əməkdaşı Ağaəli Əhmədov və Milli Məclisin deputatı Mahir Abbaszadə çıxış ediblər.

Sonda qərar layihəsi oxunub, yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.