DÜNYA
Ötən il daşınan elektronikanın tədarükü 10 faiz artıb
Bakı, 12 fevral, AZƏRTAC
2018-ci ildə daşınan qurğuların tədarük həcmi 10 faiz artaraq 105 milyon ədədə yaxınlaşıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Futuresource Consulting” tədqiqat şirkətinin hesabatında deyilir.
Bildirilir ki, ilin yekunları üzrə 20 milyon “Apple Watch” buraxan “Apple” şirkəti ən böyük “ağıllı” saat tədarükçüsü adını qoruyub. Lakin tədarük baxımından “Apple” qurğuları ilə “Xiaomi” qurğuları ciddi rəqabət aparır. Həmçinin “Fitbit” və “Fossil” saatları “Apple” şirkətinin “ağıllı” saatlar seqmentində lider mövqelərinə iddialıdır.
Ekspertlər 2019-cu ildə qeyd olunan brendlər arasında mübarizənin güclənəcəyini və “ağıllı” saatlara tələbatın artacağını proqnozlaşdırır.
“Futuresource” şirkətinin 2022-ci ilədək olan proqnozunda nəzərdə tutulur ki, daşınan qurğular bazarının həcmi natural ifadədə 145 milyon ədədə çatacaq, pul ifadəsində isə satış 27 milyard dolları ötəcək.
Analitiklərə görə, müsbət dinamika göstərilən müddət ərzində müşahidə ediləcək, lakin 2020-ci ildən sonra satışların nisbətən zəifləyəcəyi gözlənilir.