Ötən il ərzində Azərbaycan əhalisinin sayı 52 min 25 nəfər artıb
AzerTAg.az
Bakı, 23 fevral, AZƏRTAC
Ötən il ərzində ölkə əhalisinin sayı 52 min 25 nəfər və ya 0,5 faiz artaraq 2021-ci il yanvar ayının 1-i vəziyyətinə 10 milyon 119 min 133 nəfərə çatıb. Əhalinin 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, cari ilin əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,7 faizi Bakı şəhərində, 20,4 faizi Aran, 12,9 faizi Gəncə-Qazax, 9,4 faizi Lənkəran, 6,8 faizi Yuxarı Qarabağ, 6,2 faizi Şəki-Zaqatala, 5,7 faizi Abşeron, 5,5 faizi Quba-Xaçmaz, 3,2 faizi Dağlıq Şirvan, 2,6 faizi Kəlbəcər-Laçın iqtisadi rayonlarında yaşayıb. Ölkə üzrə bir kvadratkilometrə düşən əhalinin sayı 117 nəfər təşkil edib və həmin göstərici Bakı şəhərində (1075 nəfər), Lənkəran (157 nəfər), Abşeron (155 nəfər) iqtisadi rayonlarında ölkə səviyyəsindən yüksək olub.

Xəbərin mətnində orfoqrafik səhv var