CƏMİYYƏT
Ötən il meyvə ağaclarından ibarət aqrobağların salınması üçün yeni ərazilər müəyyənləşdirilib
Bakı, 13 fevral, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin tabeli qurumları tərəfindən ötən il Abşeron rayonu ərazisində Qala-Türkan avtomobil yolunun ətrafında, Salyan rayonu ərazisində Xıdırlı qəsəbəsinin ətrafında, Hacıqabul rayonu ərazisində Kalmas yolunun ətrafında, Qaradağ rayonunun Ələt qəsəbəsinin ərazisində meyvə ağaclarından ibarət aqrobağların salınması üçün yeni ərazilər müəyyənləşdirilıb, xəritələşdirilib və torpaq sahələrinin ayrılması ilə bağlı müvafiq rayon icra hakimiyyətlərinə müraciət olunub.
Departamentdən AZƏRTAC-a bildirilib ki, 2021-ci ilədək nazirliyin daxili imkanları hesabına dövlət büdcəsindən əlavə vəsait cəlb edilmədən aqromeşələrin yaradılması ilə bağlı 28 çeşiddə (cənub zonasında sitrus bağlarının salınması məqsədilə 5 növ sitrus meyvələri də daxil olmaqla) 87,6 milyon ədəd müxtəlif cinslərdən ibarət meyvə tinglərinin yetişdirilməsi nəzərdə tutulub.
2017-ci ildə 948 min 850 ədəd tut tingi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının bölgüsünə əsasən müxtəlif rayonlarda tut bağlarının salınması üçün baramaçılığın inkişafı ilə məşğul olan təşkilatlara, fermerlərə, fərdi təsərrüfatlara, rayon icra hakimiyyətlərinə və bələdiyyələrə ödənişsiz olaraq paylanılıb.