REGİONLAR
Ötən il muxtar respublikada ÜDM istehsalı 2 milyard 839 milyon 650 min manat olub
Naxçıvan, 30 yanvar, AZƏRTAC
Muxtar respublikada iqtisadiyyatın şaxələndirilməsi və sosial sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər 2019-cu ildə də davam etdirilib, yüksək nəticələr qazanılıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 2019-cu ildə inkişafı xarakterizə edən əsas göstərici kimi ümumi daxili məhsul istehsalı 2 milyard 839 milyon 650 min manat olub. Bu da bir il öncəki göstəricidən 1,5 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilə nisbətən 1,6 faiz artaraq 6201,5 manat olub. Ümumi daxili məhsulun tərkibində ilk yeri 27,6 faizlik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 58,9 faiz təşkil edib.
2018-ci illə müqayisədə 2019-cu ildə sənaye məhsulu 1,4 faiz, əsas kapitala yönəldilən vəsaitlər 1,2 faiz, kənd təsərrüfatı məhsulu 4,5 faiz, nəqliyyat sektorunda yük daşınması 2 faiz, informasiya və rabitə xidmətləri 2,8 faiz artıb.