CƏMİYYƏT
Ötən il ölkəmizdə əmək məhsuldarlığı 7,59 manata yüksəlib
Bakı, 31 oktyabr. AZƏRTAC
Son illər ölkəmizdə ümumdaxili məhsulun davamlı artımı nəticəsində əmək məhsuldarlığı (1 adam/saat) üzrə göstərici yüksəlib və 2006-cı ildə cari qiymətlərlə 2,35 manatdan 2017-ci ildə 7,59 manata yüksəlib.
2016-cı ildə mədənçıxarma sənayesi üzrə əmək məhsuldarlığı göstəricisi cari qiymətlərlə 257,7 manat olduğu halda, kənd təsərrüfatı üzrə həmin göstərici 1,03 manata, emal sənayesi üzrə 6,3 manata, tikinti sahəsi üzrə isə 9,4 manata bərabər olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamda qeyd olunub.
Kənd təsərrüfatında əmək məhsuldarlığı səviyyəsinin aşağı olması bu sahədə intensiv üsullardan, innovasiya və məsləhət xidmətlərindən zəif istifadə edilməsi, eləcə də işçi qüvvəsinin əksəriyyətinin ixtisassız olması ilə əlaqələndirilir. Digər tərəfdən, qeyd olunan sahələrdə mütəmadi hesablamaların aparılması üçün əmək məhsuldarlığı üzrə uçot sisteminin təkmilləşdirilməsinə zərurət yaranır.