REGİONLAR
Ötən il ölkənin 43 şəhər və rayonunda 150 yaşayış məntəqəsi qazlaşdırılıb
Bakı, 8 fevral, AZƏRTAC
Ötən il Azərbaycanın 43 şəhər və rayonunda 150 yaşayış məntəqəsi qazlaşdırılıb.
AZƏRTAC xəbər verir ki, bu fakt Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə münasibəti bütün məmurlara örnəkdir” başlıqlı məqaləsində qeyd olunub.
2018-ci ildə ölkə vətəndaşlarını düşündürən məsələlərin, onların problemlərinin dövlət orqanları tərəfindən necə həll olunmasından, bu işə göstərilən yüksək diqqət və tələbkarlıqdan bəhs edən geniş təhlili məqalədə yazılıb: “Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli Sərəncamının və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası nəticəsində 2018-ci ildə respublikanın 43 şəhər və rayonunda 150 yaşayış məntəqəsi, həmçinin 3 rayonda məcburi köçkünlərin yaşadığı 4 qəsəbə təbii qazla təmin edilmişdir. 2019-cu il yanvarın 11-də Nazirlər Kabinetinin iclasında bu barədə danışan Prezident İlham Əliyev demişdir: “Söz verdiyimiz kimi, keçən il Azərbaycanda qazlaşdırmanın səviyyəsi 95 faizə çatıb və hesab edirəm ki, bu, ən yüksək göstəricidir. Dünyada nadir ölkələr tapılar ki, bu dərəcədə qazlaşdırma aparılsın. Hesab edirəm ki, bu proses bu il də davam etdirilməlidir. Hələ ki, bir çox kəndlərdə qaz yoxdur və o kəndlərin qazlaşdırılması gündəlikdə duran məsələdir”.
Məqalədə qeyd olunur ki, bu istiqamətdə həyata keçirilən tədbirlər Prezidentə ünvanlanan vətəndaş məktublarında da təqdir edilir. Şəkinin Kiçik Dəhnə, Yevlaxın Qaraməmmədli və Rüstəmli, Cəlilabadın Cəlayir, Gədəbəyin Çaldaş və Səbətkeçməz, Goranboyun Yəhərçi Qazaxlar və Goranlı, Göygölün Kərəmli və Şəhriyar, İsmayıllının Lahıc, Qaxın Meşəbaş, Qobustanın Şıxzahırlı, Qusarın Piral, Cibir, Lerikin Veri, Masallının Güllütəpə və Tatyanoba, Neftçalanın Ərəbqardaşbəyli və Cəngan, Oğuzun Muxas, Tərtərin Rəcəbli, Bildirçinli, Kövdadıq, Soyulan, Yardımlının Gavran, Zərdabın Şıxbağı və Nəzəralı, digər şəhər və rayonların bir sıra kənd və qəsəbələrinin sakinlərindən, habelə Ağcabədinin Taxtakörpü ərazisində məskunlaşmış laçınlı məcburi köçkünlərdən yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərə görə ölkə başçısının ünvanına fərdi və kollektiv minnətdarlıq məktubları daxil olub.