CƏMİYYƏT
Ötən il personalsız fəaliyyət göstərən avtomat meteoroloji stansiyaların sayı 11-ə çatdırılıb
Bakı, 8 fevral, AZƏRTAC
Ötən il ərzində ölkə ərazisində, o cümlədən Xəzər dənizi akvatoriyasında fasiləsiz olaraq hidrometeoroloji müşahidələr aparılıb, hidrometeoroloji şəraitin öyrənilməsi, qısa və uzunmüddətli proqnozların, o cümlədən gözlənilən xəbərdarlıqların verilməsi həyata keçirilib.
Hidrometeoroloji müşahidə sisteminin avtomatlaşdırılması və modernləşdirilməsi işləri davam etdirilib, müasir tələblərə cavab verən məlumatların təhlükəsiz saxlanılması və idarə olunmasına kömək edən iqlim məlumatlarının idarə olunması sisteminə məlumatların yığılması, ötürülməsi və emalı üçün müasir telekommunikasiya sistemi quraşdırılıb, bununla da hidrometeorologiyanın avtomatlaşdırma səviyyəsi 100 faizə çatdırılıb. Avtomat meteoroloji stansiyaların sayı 68-ə çatdırılıb, bu stansiyalardan biri Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndində qurulub. Personalsız fəaliyyət göstərən avtomat meteoroloji stansiyaların sayı isə 4-dən 11-ə çatdırılıb.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Bildirilib ki, ötən ilin yanvarından yeni iqlim bazası və kommunikasiya mərkəzinin yaradılması ilə hidrometeoroloji müşahidə məlumatlarının elektron qaydada toplanması təmin olunub, Ümumdünya Meteorologiya Təşkilatı ilə məlumat mübadiləsinin yeni sistem vasitəsi ilə həyata keçirilməsinə başlanılıb.
Çoxillik müşahidə məlumatları əsasında sel xəritəsinin və iqlim xəritəsinin yeni versiyası hazırlanaraq çap olunub.
Hesabat dövründə əlavə olaraq 7 hidrometeoroloji stansiyada (Kürdəmir, Oğuz, Qobustan, Tərtər, Zərdab, Mingəçevir və Lənkəran HMS) onlayn videogörüntü sistemi quraşdırılaraq istifadəyə verilib, ümumilikdə, şəbəkə üzrə videogörüntü qoşulan HMS-ların sayı 30-a çatdırılıb.
Böyük və Kiçik Qafqazın çay hövzələrində qar-su ehtiyatlarının qiymətləndirilməsi və həmin ərazidə çayların gursululuq və yaz-yay daşqınları dövründə axımının proqnozlaşdırılması məqsədi ilə 4 qrupdan ibarət ekspedisiya dəstələri təşkil olunub, 23 marşrutda qarölçmə işləri aparılıb. Qar örtüyü üzərində aparılmış müşahidələrin nəticələri əsasında hazırlanmış gursululuq dövrü üçün axım proqnozu aidiyyəti üzrə müvafiq qurumlara təqdim olunub.