CƏMİYYƏT
Ötən il qida təhlükəsizliyi sahəsində 5586 icazə sənədi verilib VİDEO
Bakı, 31 yanvar, AZƏRTAC
İyulun 1-dən başlayaraq keçən ilin altı ayı ərzində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 21797 patoloji material nümunəsi təhlil edilib. Aparılan təhlillər nəticəsində 1315 halda infeksion və 823 halda invazion xəstəliklər aşkar edilib. Onlardan 155-i bruselyoz, 94-i xlamidioz, 104-ü pasterellyoz, 31-i quduzluq və 108 halda digər xəstəliklər müəyyən edilib. Seroloji monitorinqlərin icra planına uyğun olaraq 720 qan, 50 ədəd patoloji material və digər diaqnostik material müayinədən keçirilib və müayinələr nəticəsində yüksək patogenli quş qripi xəstəliyinin törədicisinə rast gəlinməyib.
AZƏRTAC xəbər verir ki, bu statistikanı Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ötən ilin yekunlarına həsr olunan mətbuat konfransında söyləyib.
O, ötən ilin ikinci yarısından fəaliyyətə başlayan agentliyin strukturu, regional bölmələri, fəaliyyət sahələri, aparılan laborator təhlilləri, keçirdiyi reyd və monitorinqlər barədə ətraflı məlumat verib.
Baytarlıq-sanitariya ekspertizası barədə danışan sədr bildirib ki, baytarlıq müfəttişləri ölkə üzrə 30 ton bal dövriyyədən çıxarıb, 7750 kiloqram ət və 18792 kiloqram ət məhsullarının satışına məhdudiyyət qoyublar. Gürcüstandan idxal edilmiş Ukrayna mənşəli 34,2 ton mal əti at əti ilə qarışıq olduğu üçün geriyə qaytarılıb. Keçirilən nəzarət tədbirləri nəticəsində yararsız və mənşəyi məlum olmayan 3942 kiloqram ət aşkarlanıb.
İlin ikinci yarımilində qida təhlükəsizliyi sahəsində 5586 icazə sənədi verilib. Həmin müddət ərzində ölkəyə 8648 ton toyuq və toyuq məhsullarının idxalı üçün müraciət edilib, 5682 ton məhsul qida təhlükəsizliyi sertifikatı ilə təmin olunub. İlin ikinci yarısında ölkəmizə 17,6 milyon ədəd yumurta idxal olunub.
Mətbuat konfransında məlumat verilib ki, aparılan sanitar-gigiyena ekspertizası nəticəsində 58 məhdudlaşdırıcı tədbir tətbiq olunub, 20 halda istehsalın, 7 halda istehsalın ayrı-ayrı prosesləri, 14 halda məhsul satışı dayandırılıb, 7 halda isə məhsul istehsalı qadağan edilib. Həmçinin idxal zamanı karantin tətbiq edilən zərərli orqanizm aşkar olunan 153,8 ton, ixrac olunan məhsullar üzrə 4,3 min kiloqram, monitorinqlər çərçivəsində isə 16,4 ton bitki və bitkiçilik məhsulu məhv edilib.
İyul-dekabr ayları ərzində qida zəhərlənmələri ilə əlaqədar agentliyinin “Çağrı mərkəzi”nə 168 müraciət daxil olub. Həmin müraciətlərdən 77-də qida zəhərlənməsi faktı kliniki təsdiqini tapıb. Müraciətlər əsasında, ümumi sayı 305 nəfər olan zərərçəkən qeydiyyata alınıb, onlardan 187 nəfərin qida zəhərlənməsinə məruz qaldığı diaqnozla təsdiq edilib, 4 halda botulizm halı qeydə alınıb. Yalnız bir nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Agentlik fəaliyyətə başlayandan bəri qida təhlükəsizliyi qeydiyyatı ilə əlaqədar ümumilikdə 2426 müraciət qəbul edilib. Qiymətləndirmənin nəticələri əsasında 1903 subyekt qeydiyyata alınaraq dövlət reyestrinə daxil edilib.
Mətbuat konfransında agentliyin fəaliyyətinin digər sahələri barədə də məlumat verilib və jurnalistləri maraqlandıran suallar cavablandırılıb.