İQTİSADİYYAT
Ötən il qiymətli kağızlar bazarında 24 milyard manatlıq əməliyyat aparılıb
Bakı, 24 yanvar, AZƏRTAC
2018-ci ildə qiymətli kağızlar bazarında 24 milyard 554,8 milyon manat həcmində əməliyyat aparılıb ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 56,2 faiz daha çoxdur.
Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əməliyyatların 58,7 faizi (14 milyard 407,9 milyon manat) ilkin bazarda, 41,3 faizi (10 milyard 146,9 milyon manat) isə təkrar bazarda aparılıb.
2017-ci illə müqayisədə qiymətli kağızlarla 11,9 dəfə daha çox repo əməliyyatları aparılıb. Hesabat dövrü ərzində aparılmış repo əməliyyatlarının həcmi 611,8 milyon manat (bunun da 95,5 faizi və ya 584,2 milyon manatı dövlət qiymətli kağızları ilə) olub.
Hesabat dövründə ümumilikdə 16 milyard 599,1 milyon manat həcmində (205 sayda qeydiyyat) qiymətli kağızların dövlət qeydiyyatı aparılıb.
2018-ci il üzrə qiymətli kağızlar bazarının əsas göstəriciləri icmal göstəricilərdə öz əksini tapıb.