İQTİSADİYYAT
Ötən il respublika üzrə 134,6 kilometr respublika əhəmiyyətli, 402,6 kilometr yerli əhəmiyyətli yol təmir olunmuşdur
Bakı, 26 yanvar (AZƏRTAC). Ötən il respublikanın avtomobil yollarında tikinti, əsaslı təmir və yenidənqurma işləri davam etdirilmişdir. Bu dövrdə 537,2 kilometr, o cümlədən 134,6 kilometr respublika əhəmiyyətli, 402,6 kilometr yerli əhəmiyyətli yol təmir olunmuş, avtomobil yollarında 25 ədəd körpü tikilmişdir.
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC- a bildirmişlər ki, həmin dövrdə daxili investisiyalar hesabına Bakı-Ələt avtomobil yolunun 2-4 kilometr hissəsi (bayraq meydanına gedən yol), Yevlax-Xocalı-Laçın avtomobil yolunun Yevlax-Bərdə hissəsi (29 kilometr), Qusar-Ləzə avtomobil yolu (39 kilometr) və bu yol üzərində ümumi uzunluğu 318 metr olan 8 körpü tikilərək, Saatlı-Musalı-Mərzəli avtomobil yolunda Araz çayı üzərindəki körpü (238,8 metr) yenidən qurularaq istismara verilmişdir.
Daxili investisiya hesabına həmçinin 2012-ci ildə respublika əhəmiyyətli Gəndob - Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi, Bakı-Ələt yolunun 50-69 kilometr sahələrinin, Qəbələ-Ağdaş, Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yollarının yenidən qurulması, Ələt-Hacıqabul, Qəbələ-Oğuz, Goran–Naftalan, (336 kilometr)-Gəncə, Bəhramtəpə-Biləsuvar, Kürdəmir–İmişli, Bərdə-Tərtər avtomobil yollarının əsaslı təmiri layihələri üzrə tikinti işləri davam etdirilmişdir.