REGİONLAR


Ötən il sahibkarlar tərəfindən Tərtər rayonunun iqtisadiyyatına 2 milyon 795 min manat investisiya qoyulub

Tərtər, 5 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

Prezident İlham Əliyevin respublikada sahibkarlığın inkişaf etdirilməsi, sahibkarlar üçün yerlərdə əlverişli şəraitin yaradılması barədə tapşırıqları Tərtər rayonunda diqqət mərkəzində saxlanılır. Rayonda sahibkarlara verilən güzəştli kreditlərin məbləği, eləcə də kənd təsərrüfatı, ticarət və xidmət sahələrinə yönəldilən investisiyanın həcmi ildən-ilə artır.

Tərtər Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2018-ci ildə Sahibkarlığın İnkişafı Fondunun müvəkkil olduğu kredit təşkilatları tərəfindən kənd təsərrüfatı sahəsində müxtəlif layihələr üzrə 16 sahibkara 397 min manat güzəştli kreditlər verilib. Bu layihələrin həyata keçirilməsi nəticəsində 98 yeni iş yerinin açılması nəzərdə tutulur.

2018-ci ildə sahibkarlar tərəfindən rayon iqtisadiyyatına qoyulan investisiyaların həcmi artaraq 2 milyon 795 min manat təşkil edib. Rayonun Xoruzlu kəndində “Aqropat” MMC tərəfindən intensiv bağçılıq təsərrüfatı salınıb. Bağda İspaniya və Türkiyədən gətirilmiş yüksək məhsuldar alma, armud, alça, badam, ərik, gilas, gavalı, heyva, xurma və şaftalı tingləri müasir texnologiyalar əsasında əkilib. Bu meyvə tingləri əkildikdən 1-2 il sonra bar verməyə başlayır, 4-5 ildən sonra isə ən yüksək məhsuldarlığa çatır. Meyvə ağaclarının küləkdən qorunması üçün bağın kənarlarında 11 min şam ağacı əkilib. Bağın suvarma suyu ilə təmin olunması üçün 45 min və 21 min kubmetr tutumu olan iki su anbarı inşa edilib. Bağda ağacların suvarılması mərkəzləşdirilmiş qaydada elektron sistem olmaqla, damcı üsulu ilə həyata keçirilir. Bağçılıq təsərrüfatında 30 nəfər daimi, 150 nəfər isə mövsümi işlərə cəlb olunub.

Rayonda həyata keçirilən digər layihə “Azaqrokənd” MMC tərəfindən Soyulan kəndində yaradılan istixana kompleksidir. Ümumi ərazisi 5 hektar olan kompleksin 2 hektarında istixana qurulur. Kompleksdə qazanxana, su anbarı, inzibati bina, anbarlar, işçilər üçün yeməkxana, istirahət otaqları inşa ediləcək, Türkiyə və İtaliya istehsalı olan ən müasir avadanlıqlar, İsrail istehsallı damcı suvarma sistemi quraşdırılacaq. Suvarma, havalandırma sistemləri tam avtomatlaşdırılmış şəkildə idarə olunacaq. Burada istehsal olunacaq pomidor və xiyar ixrac üçün nəzərdə tutulur. İstixanada 50 nəfərədək kənd sakini daimi işlə təmin ediləcək.

2018-ci ildə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 21 ticarət və xidmət obyektlərinin tikintisinə icazə verilib. 16 ticarət və xidmət obyektinin tikintisinə sahibkarların şəxsi vəsaiti hesabına 95 min manat investisiya qoyulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.