REGİONLAR
Ötən il şəkili kümçülər barama istehsalından 432 min manat gəlir əldə ediblər
Şəki, 30 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində digər sahələrlə yanaşı, qədim ənənələrə malik baramaçılığın, ipəkçiliyin dirçəldilməsi də Prezident İlham Əliyev tərəfindən prioritet vəzifələrdən biri kimi müəyyən olunub. Dövlətimizin başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq, son illər respublikamızda kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişafı istiqamətində mühüm işlər görülür. Həyata keçirilən davamlı tədbirlər öz bəhrəsini verməkdədir. Belə ki, 2015-ci ildə respublikamızda 230 kiloqram barama tədarük olunmuşdusa, keçən il yaş barama istehsalı 513 tona çatıb.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev digər sahələr kimi, baramaçılığın da sürətlə inkişaf etdiyini vurğulayaraq deyib: “Sovet vaxtında baramaçılığın çox böyük ənənələri olub. Xüsusilə Heydər Əliyevin təşəbbüsü ilə bir çox rayonlarda barama istehsalı ən yüksək səviyyədə idi. Ancaq 2015-ci ildə biz gördük ki, cəmi bir rayonda barama tədarük edilir, özü də 230 kiloqram. Qısa müddət ərzində çox ciddi tədbirlər görüldü. Keçən il 38 rayonda artıq 513 ton barama tədarük edildi. Biz barama tədarükünü 230 kiloqramdan 513 tona çatdırdıq. Bu il 800 ton planlaşdırılır. Əlbəttə ki, Şəkidəki ipək kombinatının daha böyük həcmlə işləməsi, orada daha çox sayda iş yerlərinin yaradılması üçün bu, əsas şərtdir. Təkcə keçən il 2 milyon 600 min tut tingi əkilmişdir”.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, son illər Şəki rayonunda da baramaçılığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü iş aparılıb. Görülmüş tədbirlər nəticəsində son üç ildə rayonda yaş barama istehsalı 5,6 dəfədən çox artaraq 48 tona çatıb. Ötən il Şəkidə baramaçılıq sahəsində 2851 nəfər işlə təmin olunub. Kümçülər barama istehsalından 432 min manat gəlir əldə ediblər.
Şəhər icra hakimiyyətindən bildiriblər ki, baramaçılığın gələcək inkişafını təmin etmək və onun yem bazasını möhkəmləndirmək məqsədilə son üç ildə rayon ərazisində 376 min ədəd tut tingi əkilib. Əkilən tinglərin 162 mini intensiv tipli tut bağlarının salınması məqsədilə Çin Xalq Respublikamızdan ölkəmizə gətirilən calaq olunmuş tinglər, qalanları isə yerli tut tingləridir.