İQTİSADİYYAT


Ötən il statistik vahidlərin sayı 7,5 faiz artıb

Bakı, 29 yanvar, AZƏRTAC

2021-ci il ərzində statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 7,5 faiz artaraq 2022-ci il yanvarın 1-i vəziyyətinə 167 min 140 olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, artım iqtisadiyyatın “Nəqliyyat və anbar təsərrüfatı”, “Su təchizatı; tullantıların təmizlənməsi və emalı”, “İnformasiya və rabitə”, “Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Peşə, elmi və texniki fəaliyyət”, “Emal sənayesi”, “Daşınmaz əmlakla əlaqədar əməliyyatlar”, “Turistlərin yerləşdirilməsi və ictimai iaşə” və “Maliyyə və sığorta fəaliyyəti” sahələrində nəzərəçarpacaq dərəcədə olub. “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Digər sahələrdə xidmətlərin göstərilməsi”, “Tikinti”, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” və “Peşə, elmi və texniki fəaliyyət” sahələrindəki statistik vahidlərin xüsusi çəkisi daha yüksəkdir. Xüsusi mülkiyyətə aid olan statistik vahidlərin əsas hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (31,1 faiz), “Digər sahələrdə xidmətlərin göstərilməsi” (17,6 faiz), “Tikinti” (9,9 faiz), “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” (7,3 faiz), “Peşə, elmi və texniki fəaliyyət” (7,1 faiz) və “Emal sənayesi” (5,9 faiz) sahələrinin payına düşür. Reyestrdə qeydiyyatdan keçmiş statistik vahidlərdən tam xarici investisiyalı və birgə müəssisələr əsasən Türkiyə (24,1 faiz), İran (11,1 faiz), Rusiya (5,4 faiz), Böyük Britaniya (4,2 faiz), ABŞ (1,8 faiz) və Almaniya (1,2 faiz) kimi ölkələrin sahibkarları tərəfindən yaradılıb. 2021-ci il ərzində ləğv edilmiş statistik vahidlərin 26,6 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 15,6 faizi “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 13,7 faizi “Dövlət idarəetməsi və müdafiə; sosial təminat”, 8,5 faizi “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, 6,6 faizi “Peşə, elmi və texniki fəaliyyət” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür.

Bu dövrdə yeni yaradılmış statistik vahidlərin 39,6 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 9,6 faizi “Tikinti”, 8,8 faizi “Peşə, elmi və texniki fəaliyyət”, 7,2 faizi “Emal sənayesi”, 4,9 faizi “İnzibati və yardımçı xidmətlərin göstərilməsi” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür. 2021-ci il ərzində yeni yaradılmış statistik vahidlərin 98,8 faizi xüsusi mülkiyyətli (o cümlədən 7,5 faizi tam xarici investisiyalı, 1,7 faizi birgə mülkiyyətli), 1,1 faizi dövlət mülkiyyətli, 0,1 faizi isə bələdiyyə mülkiyyətli müəssisələrin payına düşür. Qeydiyyatda olan statistik vahidlərin 61,9 faizi Bakıda yerləşib. Hesabat dövründə yeni yaradılmış statistik vahidlərin 81,7 faizi Bakıda, 6,2 faizi Abşeron-Xızı, 1,8 faizi Gəncə-Daşkəsən, 1,7 faizi Lənkəran-Astara, 1,4 faizi Şəki-Zaqatala, hər birində 1,2 faizi olmaqla Qarabağ və Mərkəzi Aran, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyata alınıblar.

Statistik vahidlərin yaradılması prosesi Bakı şəhərində (9,6 faiz), Abşeron-Xızı iqtisadi rayonunda (6,8 faiz), Gəncə-Daşkəsən və Şərqi Zəngəzur iqtisadi rayonlarında (hər birində 4,3 faiz), Qarabağ, Qazax-Tovuz və Şəki-Zaqatala iqtisadi rayonlarında (hər birində 3,1 faiz), Lənkəran-Astara və Mərkəzi Aran iqtisadi rayonlarında (hər birində 2,8 faiz) daha fəal olub. Bu dövrdə Bakı şəhəri üzrə 243, Abşeron-Xızı iqtisadi rayonu üzrə 77, Lənkəran-Astara iqtisadi rayonu üzrə 47, Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə 30, Mərkəzi Aran iqtisadi rayonu üzrə 22, Naxçıvan Muxtar Respublikasının və Şəki-Zaqatala iqtisadi rayonunun hər biri üzrə 20, Şirvan-Salyan iqtisadi rayonu üzrə 18, Mil-Muğan iqtisadi rayonu üzrə 11, Dağlıq Şirvan və Quba-Xaçmaz iqtisadi rayonlarının hər biri üzrə 10, Qarabağ iqtisadi rayonu üzrə 7, Qazax-Tovuz iqtisadi rayonu üzrə 3 statistik vahid ləğv edilib. 2022-ci il yanvarın 1-i vəziyyətinə ölkədə mövcud olan mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin (fərdi sahibkarlar istisna olmaqla) sayı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na uyğun olaraq işçilərin orta siyahı sayı və illik gəlir meyarı əsasında müəyyən edilib.

Göründüyü kimi, 2022-ci il yanvarın 1-i vəziyyətinə ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 93,3 faizini mikro sahibkarlıq subyektləri təşkil etmiş və onların əsas hissəsi ticarət (33,2 faiz), digər sahələrdə xidmətlərin göstərilməsi (14,5 faiz), tikinti (10,3 faiz) və kənd təsərrüfatı (7,6 faiz) sahələrində yaradılıb. 2022-ci il yanvarın 1-i vəziyyətinə ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 4,5 faizini kiçik sahibkarlıq subyektləri təşkil edib və onların əsas hissəsi ticarət (25,2 faiz), tikinti (13,3 faiz), emal sənayesi (10,2 faiz) və peşə, elmi və texniki fəaliyyət (7,7 faiz) sahələrində yaradılıb. 2022-ci il yanvarın 1-i vəziyyətinə ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 1,8 faizini orta sahibkarlıq subyektləri təşkil edib və onların əsas hissəsi ticarət (19,7 faiz), tikinti (16,8 faiz), emal sənayesi (12,8 faiz), nəqliyyat və anbar təsərrüfatı və peşə, elmi və texniki fəaliyyət (hər birində 6,4 faiz) sahələrində yaradılıb. 2022-ci il yanvarın 1-i vəziyyətinə ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 0,4 faizini iri sahibkarlıq subyektləri təşkil edib və onların əsas hissəsi ticarət (17,5 faiz), emal sənayesi (16,9 faiz), tikinti (12,4 faiz) və nəqliyyat və anbar təsərrüfatı (8,5 faiz) sahələrində yaradılıb. Mikro sahibkarlıq subyektlərinin 65,3 faizi Bakıda, 7 faizi Abşeron-Xızı, 4,3 faizi Lənkəran-Astara, 3,3 faizi Mil-Muğan, qalanları isə digər iqtisadi rayonlarda yaradılıb. Kiçik sahibkarlıq subyektlərinin 64 faizi Bakıda, 6,7 faizi Abşeron-Xızı, 3,8 faizi Gəncə-Daşkəsən, 3,6 faizi Mərkəzi Aran, qalanları isə digər iqtisadi rayonlarda açılıb. Orta sahibkarlıq subyektlərinin 59,1 faizi Bakıda, 6,4 faizi Abşeron-Xızı, 4,3 faizi Şəki-Zaqatala, 4,2 faizi Gəncə-Daşkəsən, qalanları isə digər iqtisadi rayonlardadır. İri sahibkarlıq subyektlərinin 72,5 faizi Bakıda, 6,9 faizi Abşeron-Xızı, 4,3 faizi Gəncə-Daşkəsən, qalanları isə digər iqtisadi rayonlarda yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.