CƏMİYYƏT
Ötən il vergi hüquqpozmalarına qarşı aparılmış mübarizə tədbirlərinin nəticələri açıqlanıb
Bakı, 28 yanvar, AZƏRTAC
2019-cu il ərzində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, aksizsiz məhsulları satmaq və satış məqsədilə saxlamaq, idxal etmək, belə məhsulların (malların) nağd qaydada alqı-satqısı, saxta aksiz markalarını hazırlamaq, əldə etmək, saxlamaq, satma, habelə aksiz markası ilə markalanmalı olan məhsulları (malları) saxta aksiz markaları ilə markalamaq, saxlamaq və ya satmaq faktları üzrə ümumilikdə 320 cinayət işi başlanılıb.
AZƏRTAC Vergilər Nazirliyinə istinadla xəbər verir ki, il ərzində əvvəlki ildən qalıq qalmış işlər də nəzərə alınmaqla 293 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. Onlardan 167-sinin icraatına xitam verilib, 149 nəfər barəsində 126 cinayət işi məhkəməyə göndərilib. İcraatına xitam verilən 167 cinayət işindən 82 iş üzrə vergiödəyiciləri yayındırılmış vergiləri ibtidai istintaq zamanı tamamilə ödəyiblər. 2019-cu il ərzində 22 milyon 999,2 min manat məbləğində ziyanın dövlət büdcəsinə ödənilməsi təmin edilib. Həmçinin vergi borcu üzrə cinayət tərkibi yaradan və yerli vergi orqanlarından daxil olmuş materiallarla bağlı görülmüş preventiv tədbirlər nəticəsində dövlət büdcəsinə 28,8 milyon manat vəsait ödənilib.
Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 21 nəfər tutularaq təhvil verilib, 10 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, ibtidai istintaqdan yayınan 355 nəfər dindirilməsi üçün məcburi qaydada gətirilib, 1260 şəxsin tapılaraq istintaqa gətirilməsi təmin edilib.
Hesabat dövründə müxtəlif sahələr üzrə fəaliyyət göstərən 374 vergiödəyicisində 556 vergi nəzarəti tədbirləri həyata keçirilib. Operativ vergi nəzarəti tədbirləri nəticəsində 43 vergiödəyicisinə məxsus obyektlərdə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməməsi, 33 şəxsin vergi orqanında uçota alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olması, 178 vergiödəyicisinin 2296 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktları aşkar olunub.