İQTİSADİYYAT
Ötən il verilən kredit hesabına 39 iri istehsal obyekti yaradılıb
Bakı, 17 mart, AZƏRTAC
Keçən il sahibkarlıq subyektlərinin ümumi sayı 386 minə çatıb, bölgələrdən vergi daxilolmaları əvvəlki ilə nisbətən 9,8 faiz yüksəlib. Dövlət büdcəsinin vəsaitləri hesabına Sahibkarlığa Kömək Milli Fondu tərəfindən real sektorda istehsal və xidmət layihələrinin maliyyələşdirilməsi genişləndirilib. Güzəştli şərtlərlə 5560 sahibkarlıq subyektinə 295 milyon manat məbləğində kredit verilib. Kreditlərin 78 faizi regionlara yönəldilib və bunun hesabına 39 iri istehsal, emal və xidmət obyekti yaradılıb.
Bunları Baş nazir Artur Rasizadə Milli Məclisdə Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatla çıxış edərkən bildirib.
Baş nazir ötən il regionların sosial-iqtisadi inkişafı üzrə 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramının qəbul edildiyini bildirib: “Məlum olduğu kimi, əvvəlki proqramların icrası çərçivəsində bölgələrdə yüzlərlə istehsal, xidmət, sosial və infrastruktur obyektləri istifadəyə verilmiş, genişmiqyaslı quruculuq və abadlıq işləri aparılmışdır. Yeni Proqramda bu tədbirlərin davam etdirilməsi, istehsal müəssisələrinin, iri fermer təsərrüfatlarının, sənaye parklarının yaradılması, onların infrastruktur təminatının təkmilləşdirilməsi nəzərdə tutulmuşdur”.
“Proqramın icrasının birinci ilində regionların inkişafına bütün mənbələr hesabına 4,5 milyard manat vəsait yönəldilmişdir”, - deyə Baş nazir qeyd edib.