SİYASƏT


Ötən ilin Münxen müzakirələri bir daha göstərdi ki, Azərbaycan Prezidentinin sözü ilə əməli vəhdət təşkil edir

Bakı, 15 fevral, AZƏRTAC

Azərbaycan dövləti 30 ilə yaxın müddət ərzində Ermənistanın işğalçılıq siyasətinə məruz qalıb. Ölkəmizin bu müddət ərzində həyata keçirdiyi siyasətdə Dağlıq Qarabağ münaqişəsinin həlli, Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq miqyasda ifşa olunması mühüm yer tutub. Məhz bu siyasətin nəticəsidir ki, müxtəlif beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması, Ermənistanın işğalçı olması barədə sənədlər qəbul edilib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva bildirib.

S.Fətəliyeva diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev müxtəlif beynəlxalq platformalar çərçivəsində ölkəmizin haqq işini, həqiqətləri dünya ictimaiyyətinə çatdırıb. Dövlətimizin başçısının Valdayda “Qarabağ Azərbaycandır və nida” bəyanatı, o cümlədən Bişkekdə MDB dövlət başçıları Şurasının sammitində çıxışı işğalçı Ermənistana sarsıdıcı diplomatik zərbə vurdu. Bu mühüm platformalardan biri də Münxen Təhlükəsizlik Konfransıdır: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələrdən bir il ötür. Məhz ötən ilin bu günü müzakirələr zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlər canlı yayımda dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Münxendə Prezident İlham Əliyev Nikol Paşinyana tarix və hüquq dərsi keçdi”.

Deputat bildirib ki, dövlətimizin başçısı Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etdiyini, işğal olunmuş torpaqlarda mülki azərbaycanlılara qarşı etnik təmizləmə apardığını, o cümlədən Xocalı soyqırımını törətdiyini dünya ictimaiyyətinin diqqətinə çatdırdı: “Prezident İlham Əliyev müzakirələrdə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu, ermənilərin işğal olunmuş torpaqlarımızda mədəni irsimizi məhv etdiklərini, Dağlıq Qarabağda Ermənistanın heç bir tarixi irsi olmadığını bir daha qətiyyətlə ifadə etdi. Debat göstərdi ki, Dağlıq Qarabağın tarixi, müxtəlif dövrlərdə bu ərazilərin mənsubluğu ilə bağlı həqiqətlər Ermənistan üçün çox ağır mövzudur. Prezident İlham Əliyevin Dağlıq Qarabağın Azərbaycana məxsus olması ilə bağlı söylədiyi tarixi həqiqətlər qarşısında Paşinyanın eramızdan əvvəlki dövrə mücərrəd və dolayı ekskursu isə auditoriyanı çaşdırmaq cəhdindən başqa bir şey deyildi”.

“Prezident İlham Əliyev tərəfindən səsləndirilən tarixi həqiqətlər və təqdim edilən faktlar qarşısında Ermənistanın baş naziri aciz durumda qaldı”, - deyən S.Fətəliyeva bu kontekstdə bir sıra məqamlara toxunmağı vacib hesab edib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Dağlıq Qarabağın Azərbaycana məxsus olması və münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna biləcəyinə dair təqdim etdiyi hüquqi bazanın qarşısında Paşinyan tutarlı heç bir arqument nümayiş etdirə bilmədi. Bir sözlə, Ermənistanın baş naziri hüquqi cəhətdən əsaslandırılmış fakt ortaya qoya bilmədi. Bununla da, Dağlıq Qarabağın hüquqi cəhətdən Azərbaycana məxsus olması reallığı bütün dünyaya bir daha nümayiş etdirildi. Nəticə etibarilə, bu müzakirələr bir daha göstərdi ki, Prezident İlham Əliyev Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu həm tarixi, həm beynəlxalq hüquq, həm də beynəlxalq birliyin mövqeyi kontekstində dünya ictimaiyyətinə çatdırdı, Ermənistanın baş naziri bu reallığa qarşı heç bir əks-arqument ortaya qoya bilmədi. Bir sözlə, Prezident İlham Əliyev faktlarla, məntiqlə Paşinyanın bütün iddialarını darmadağın etdi.

“Artıq Münxen Təhlükəsizlik Konfransındakı müzakirələr tarixə qovuşub. Bu debatlardan bir neçə ay sonra Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistanın işğalı altında olan torpaqlarını azad etdi. Ötən ilin Münxen müzakirələri bir daha göstərdi ki, Azərbaycan Prezidentinin sözü ilə əməli vəhdət təşkil edir. Vətən müharibəsində qazanılan möhtəşəm zəfər, ərazi bütövlüyümüzün bərpası bunun təsdiqidir. Təbii ki, döyüş meydanında qazanılan qələbədə diplomatiya cəbhəsində əldə edilmiş uğurlar da mühüm rol oynadı. Bu baxımdan, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel müzakirələrində Prezident İlham Əliyevin çıxışı böyük əhəmiyyət kəsb edir”,-deyə Sevinc Fətəliyeva bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.