REGİONLAR


Ötən ilin Ordubadda əsas kapitala 55407,5 min manat vəsait yönəldilib

Ordubad, 10 yanvar, AZƏRTAC

2018-ci ildə Ordubad rayonunda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 55407,5 min manat vəsait yönəldilib. Tikinti-quraşdırma işlərinə qoyulan vəsaitin dəyəri 52727,8 min manat təşkil edib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar Ordubad rayonunda 2018-ci ilin yekunlarına həsr edilmiş müşavirədə rayon icra hakimiyyətinin başçısı Elşad Məmmədov tərəfindən səsləndirilib.

Qeyd olunub ki, hesabat dövründə Ordubad Dəmir Yol Vağzalının yeni binası və Naxçıvan Dəmir Yolları Məhdud Məsuliyyətli Cəmiyyətinin İnfrastruktur İdarəsinin, Ordubad Yol Sahəsinin inzibati binaları, Ordubad şəhərində Rabitə Evi istifadəyə verilib. Ordubad şəhərindəki 24 mənzilli yaşayış binası əsaslı təmir edilib, Dəstə kəndində kompleks quruculuq işləri başa çatdırılıb. Rayon icra hakimiyyətinin və Ordubad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binaları isə əsaslı şəkildə təmir olunur. İçməli su və kanalizasiya sistemlərinin, Ordubad Su Elektrik Stansiyasının tikintisi davam etdirilir. Ordubad-Culfa magistral avtomobil yolu əsaslı şəkildə yenidən qurulur.

Vurğulanıb ki, 2018-ci ilin yanvar-noyabr aylarında rayonda 8295,4 min manatlıq sənaye məhsulu istehsal olunub. “Ötən il kənd təsərrüfatında məhsuldarlığın artırılmasına ciddi önəm verilib, aqrar sahənin davamlı inkişafı təmin olunub. Rayonda 2018-ci ildə 1964 hektar dənli və dənli-paxlalı bitkilərin əkini sahəsindən 5679 ton məhsul yığılıb”, – deyən Elşad Məmmədov diqqətə çatdırıb ki, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması sahəsində müəyyən tədbirlər həyata keçirilib. Bəhs olunan dövrdə rayonda diri çəkidə 2546,7 ton ət, 5726,3 ton süd, 11892,1 min ədəd yumurta, 91,4 ton yun istehsal edilib.

Rayonda meliorasiya və irriqasiya sistemlərinin fəaliyyəti yaxşılaşdırılıb. Suvarma Sistemləri İdarəsi tərəfindən 135,2 kilometr kanal və arxlar lildən təmizlənib, 36,75 kilometr içməli su xəttində təmir işləri aparılıb, 4,8 kilometr yeni içməli su xətti çəkilib, 1490 metr kaptaj təmir edilib.

Qeyd olunub ki, yaşıllaşdırma tədbirləri də yüksək səviyyədə təşkil edilib, ümumilikdə, 27 min 883 ting əkilib. 16 hektarda yeni bağ salınıb, 8 hektarda bərpa işləri aparılıb.

Elektrik enerjisindən istifadə zamanı texniki itkinin normalara uyğun olaraq minimuma endirilməsi məqsədilə il ərzində 191 dayaq basdırılıb, 19 min 880 metr yeni məftil çəkilib və köhnə məftillər yenilənib.

Ordubad rayonunun bütün yaşayış məntəqələri fasiləsiz olaraq təbii qazla təmin edilir. Ötən dövrdə 69 mənzil və 8 obyekt qazlaşdırılıb.

Bildirilib ki, rayonun təhsil, mədəniyyət, səhiyyə müəssisələri də ili uğurla başa vurublar.

Sonda məruzə ətrafında çıxışlar dinlənilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.