İQTİSADİYYAT


Ötən illə müqayisədə təbii qaz itkilərində 85 milyon kubmetr azalma var

Bakı, 19 avqust, AZƏRTAC

“Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev media nümayəndəsinin yeni qazlaşan ərazilərdə qaz sayğaclarının quraşdırılması zamanı sayğaca görə hansısa bir ödənişin olması ilə bağlı ünvanladığı suala aydınlıq gətirib.

İB-dən AZƏRTAC-a bildirilib ki, Birlik rəhbərinin qeydinə əsasən, son 3 il ərzində yeni qazlaşma işləri “Azəriqaz”ın daxili imkanları hesabına həyata keçirilir: “Qazlaşma işləri aparılarkən yalnız küçə xətləri çəkilir, bundan əlavə məişət tipli bütün sayğaclar vətəndaşlara ödənişsiz verilir”.

Birlik rəhbəri işğaldan azad olunan ərazilərdə görülən işlər barədə də məlumat verib. Ruslan Əliyev vurğulayıb ki, bu günə qədər “Azəriqaz”ın işğaldan azad olunan ərazilərdə gördüyü işlər ancaq layihələndirmədir.

Baş direktor fiziki işin hələlik başlanılmadığını qeyd edib: “İlkin olaraq bu ərazilərdə yüksəktəzyiqli daşıyıcı qaz kəmərləri çəkilməlidir. Bunu da SOCAR-ın “Qaz İxrac” İdarəsi həyata keçirir. Bundan sonra növbə “Azəriqaz”a çatacaq. Ümumiyyətlə, bu işlər Prezident Administrasiyası yanında xüsusi işçi qrupları tərəfindən nəzarətdə saxlanılır. Bizə işə başlamaqla bağlı tapşırıq gəldikdə bunu icra edəcəyik”.

Ruslan Əliyev cari ilin ilk 7 ayı ərzində təbii qaz itkiləri ilə bağlı məlumatı da diqqətə çatdırıb. Birlik rəhbəri bildirib ki, ötən ilin eyni dövrü ilə müqayisədə 85 milyon kubmetr azalma var: “Biz hər ayın, hər rübün sonunda “Azəriqaz”ın iqtisadi göstəricilərini ictimaiyyətə təqdim edirik. Bəzən dəqiqləşdirilməmiş, qarşı tərəfin fikrini öyrənmədən yayılan şayiə tipli xəbərlərin dövriyyəyə buraxılmasına təəssüf edirik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.