ELM VƏ TƏHSİL


Ötən illərlə müqayisədə BSU-ya qəbul olunanların sayı artıb

Bakı, 16 sentyabr, AZƏRTAC 

Sentyabrın 16-da Bakı Slavyan Universitetində (BSU) “Bilik günü”nə həsr olunmuş tədbir keçirilib.

BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdən əvvəl ulu öndər Heydər Əliyevin universitetin foyesində yerləşən büstü önünə əklil qoyulub. Akt zalında keçirilən mərasim Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva tələbələri yeni tədris ili münasibətilə təbrik edərək onlara dərslərində uğurlar arzulayıb. Rektor Azərbaycan təhsil sisteminin müasir dövrdə çox böyük nailiyyətlər əldə etdiyini, bəşər sivilizasiyasına böyük töhfələr verdiyini dilə gətirib və Azərbaycan xalqının zəngin maarifçilik ənənələri, pedaqoji fikir tarixi ilə qürur duyduğunu vurğulayıb. O, dahi alim Lütfi Zadənin dünyanın nəhəng elm adamları ilə bir cərgədə dayandığını, dəqiq elmlərlə yanaşı, Azərbaycan bədii-fəlsəfi fikrinin bəşər mədəniyyətinin inkişafında əvəzsiz rol oynadığını qeyd edib. Rektor dünya şöhrətli elm və ədəbiyyat xadimlərimizin yetişməsini məhz Azərbaycanın yüksəksəviyyəli təhsilinin göstəricisi kimi dəyərləndirib.

Professor Nurlana Əliyeva BSU-nun da böyük ənənəyə malik ali təhsil müəssisələrindən biri olduğunu bildirib. BSU-nun xarici ölkə universitetləri ilə sıx əlaqələri olduğunu deyən rektor dilimizin, mədəniyyətimizin dünyada təbliği istiqamətində bu təhsil ocağında mühüm işlər görüldüyünü diqqətə çatdırıb. Rektor qeyd edib ki, bu gün dünya təhsilinin ən mütərəqqi ənənələrini universitetimizdə tətbiq etmək, tədris və tərbiyə sahəsində uğurlara imza atmaq, universitetin maddi-texniki bazasını beynəlxalq standartlara uyğunlaşdırmaq başlıca məqsədimizdir. Son illər ölkəmizdə humanitar sahədə qazanılan uğurlar Prezident İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatların, birinci xanım Mehriban Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilməlidir.

Rektor deyib ki, BSU-da təhsilin səviyyəsi, tələbələrin biliklərə yiyələnməsi üçün yaradılan şərait hər zaman diqqət mərkəzində olub. Universitetin potensialı istiqamətində mütəmadi olaraq işlər görülür. Bu il BSU-ya qəbul olunanların sayı ötən illərlə müqayisədə daha da artıb.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxışında ölkədə təhsil məsələləri ilə bağlı görülən işlərdən, Prezident İlham Əliyev tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan danışaraq bildirib ki, rayon ərazisində yerləşən ali və orta məktəblərdə həm təhsilin səviyyəsinə, həm də müəssisələrin vəziyyətinə ciddi fikir verilir. Nəsimi rayonu ərazisindəki təhsil ocaqlarında, habelə səhiyyə mərkəzlərində yaradılan şərait, onların texniki avadanlıqlarla təmin olunması müasir təhsil və səhiyyə sisteminin ölkəmizdə inkişafının göstəricisidir.

İcra başçısı BSU-nun ölkənin ictimai-siyasi həyatında mühüm rola malik olduğunu diqqətə çatdırıb. O, BSU tərəfindən universitet daxilində, müxtəlif bölgələrdə, o cümlədən Qarabağın işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində respublika səviyyəli tədbirlər keçirilməsini müsbət hal kimi dəyərləndirib.

Sonra BSU-nun “Arzu” rəqs ansamblı “Cəngi” rəqsini nümayiş etdirib, universitetin himni səsləndirilib.

Tərcümə fakültəsinin IV kurs tələbəsi Şamil Nuri universitetlə bağlı xoş təəssüratlarını I kurs tələbələri ilə bölüşüb. BSU-nun gənclərin inkişafı istiqamətində gördüyü işlərdən danışan Ş.Nuriyev tələbələri ali məktəbin ictimai-siyasi həyatında fəal olmağa səsləyib.

Rektor Nurlana Əliyeva bu il universitetə yüksək balla qəbul olan tələbələrdən Lamiyə Muxtarova, Fəridə İsayeva, Fəridə Həsənli, Leyla Tağızadə, Rizvan Ağayev və Fidan Məlikliyə hədiyyələr təqdim edib.

Tədbirdə Yunanıstanın ölkəmizdəki səfiri Nikolaos Kanellos, Rusiyanın Azərbaycandakı səfirinin məsləhətçisi İqor Yeronin, Ukraynanın Azərbaycandakı səfirinin katibi Georgi Selski, Çexiyanın Azərbaycandakı səfirinin müavini Daniel Putik, Belarusun ölkəmizdəki səfirinin I katibi, konsul İnessa Pavlovskaya, Milli Məclisin deputatları Elman Nəsirov və Sevinc Fətəliyeva, Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri Zərifə Salahova, təhsil eksperti, professor Şahlar Əsgərov, Trend İnformasiya Agentliyinin baş direktorunun korporativ inkişaf üzrə müavini Arzu Nağıyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və media nümayəndələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.