ELM VƏ TƏHSİL
Ötən illərlə müqayisədə V qrup üzrə müsabiqə vəziyyəti dəfələrlə artıb
Bakı, 20 iyun, AZƏRTAC
Son illər ən aşağı müsabiqə vəziyyəti xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə olub. Dövlət İmtahan Mərkəzi (DİM) bunu nəzərə alaraq, gənclərin bu ixtisaslara meyil və marağını artırmaq, onların qəbula hazırlığına kömək məqsədilə əvvəlki illərdə olduğu kimi, bu il də xüsusi qabiliyyət tələb edən ixtisaslara dair metodik materiallar hazırlayıb və müxtəlif maarifləndirici tədbirlər həyata keçirib.
AZƏRTAC xəbər verir ki, bu məlumat 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanları ilə bağlı DİM-in elmi-statistik hesabatında yer alıb.
Bununla yanaşı, 2015-ci ildən etibarən xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə (I qrup “Memarlıq” və III qrup “İslamşünaslıq” və “Jurnalistika” ixtisasları istisna olmaqla) ayrıca bir qrup – V qrup yaradılıb, qəbul imtahanının struktur və məzmun tərkibi dəyişdirilib. Nəticədə ötən illərlə müqayisədə V qrup üzrə müsabiqə vəziyyəti dəfələrlə artıb. Cari ilin məzunları V qrup üzrə müsabiqədə əlavə qəbul imtahanı vermədən bilavasitə buraxılış imtahanlarının nəticələri əsasında iştirak ediblər. Bununla yanaşı, 2020-ci ildəki imtahanın nəticəsi 2021-ci ildə öz qüvvəsini saxlayıb və 2020-ci ildə V qrup üzrə qəbul imtahanında iştirak edən, həmçinin tam orta təhsili 2020-ci ildə bitirərək buraxılış imtahanında iştirak edən abituriyentlər müsabiqə şərtlərini ödədikləri halda, həmin imtahanların nəticələri əsasında 2021-ci ildə V ixtisas qrupu üzrə müsabiqədə iştirak imkanı əldə ediblər.
Hesabatda bildirilir ki, V ixtisas qrupunda qabiliyyət imtahanının verilməsi tələb olunan ixtisaslar üzrə ayrılan 3615 plan yerinə 5207 abituriyent (subbakalavr) iddia etmişdi. Qeyd edək ki, 2015-ci ildə bu ixtisaslara ayrılan 2355 plan yerinə 4293, 2016-cı ildə 2854 plan yerinə 3993, 2017-ci ildə 3067 plan yerinə 3939, 2018-ci ildə 3307 plan yerinə 3593, 2019-cu ildə 3462 plan yerinə 4971, 2020-ci ildə isə 1034 plan yerinə 1406 nəfər iddia edirdi.