DÜNYA
Otlaq sahəsindəki yanğın Argentinanın yarısını işıqsız qoyub

Bakı, 2 mart, AZƏRTAC
Argentinada otlaq sahəsində baş verən yanğın “Atucha I” AES-i sıradan çıxarıb və nəticədə dünən günorta saatlarında 20 milyondan çox istehlakçı elektriksiz qalıb.
AZƏRTAC “La Nacion” nəşrinə istinadla xəbər verir ki, ilkin versiyaya görə, ölkənin şimal-qərbində otlaq sahəsində isti hava şəraiti fonunda meydana gələn yanğın yüksəkgərginlikli üç elektrikötürücü xətti sıradan çıxarıb. Bu da öz növbəsində elektrik təminatı sistemində balansın pozulması, atom elektrik stansiyasının işinin dayanması və yerli vaxtla saat 16:00-dan etibarən kütləvi elektrik kəsintiləri ilə nəticələnib.
Qəza səbəbindən Buenos-Ayres və ətrafı, həmçinin 11 əyalət işıqsız qalıb. Argentina Energetika Nazirliyinin məlumatına görə, elektrik kəsilmələri ölkə əhalisinin təxminən 40 faizinə təsir edib. Yerli vaxtla saat 20:00-dan sonra elektrik təminatı qısmən bərpa olunub.