CƏMİYYƏT


Otorinolarinqologiya üzrə beynəlxalq elmi-praktik konqres işə başlayıb

Bakı, 8 dekabr, AZƏRTAC

Dekabrın 8-də Azərbaycan Tibb Universitetində (ATU) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş otorinolarinqologiya üzrə beynəlxalq elmi-praktik konqres işə başlayıb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin büstü qarşısına əklil qoyub və dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.

Sonra Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Açılış mərasimində çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli bu tarixin universitetin həyatında önəmli gün olduğunu deyib: “ATU-da indiyədək təbabətin müxtəlif sahələrinə həsr olunmuş tədbirlər keçirilib. Lakin bu konqres universitetin otorinolarinqologiya kafedrasının tarixində bir ilkdir. Fəaliyyət müddəti ərzində kafedra şərəfli yol keçib. Bugünkü konqresdə respublikanın müxtəlif bölgələrindən olan həkimlərlə yanaşı, bir neçə xarici ölkədən - Türkiyə, Rusiya, Almaniya, Tacikistan, Özbəkistan, Gürcüstandan olan mütəxəssislər də iştirak edirlər. Konqresin keçirilməsində əsas məqsəd bu sahədə tətbiq olunan ən son yenilikləri müzakirə etmək və otorinolarinqologiyanın inkişafına töhfə verməkdir”.

Rektor konqresin işinə uğurlar arzulayıb.

Sonra ATU-nun otorinolarinqologiya kafedrasının müdiri, professor Vəfa Pənahian kafedranın tarixi barəsində iştirakçılara geniş məlumat verib.

Konqresdə çıxış edən Səhiyyə Nazirliyinin baş otorinolarinqoloqu, professor Nazim Hüseynov, İstanbul Mədəniyyət Universitetinin qulaq, burun, boğaz cərrahiyyəsi kafedrasının professoru Mahmud Təyyar Kalcıoğlu, Rusiya Federal Otorinolarinqologiya Elmi-Klinik Mərkəzinin direktoru, professor Nikolay Arkadeviç Dayxes tədbirin təşkilinə görə ATU-ya öz minnətdarlıqlarını bildirib, qarşılıqlı təcrübə mübadiləsinin bu sahənin inkişafına, yeni diaqnostika və müalicə metodlarının öyrənilməsinə töhfə verəcəyinə əminliklərini ifadə ediblər.

Konqresdə bədii hissə nümayiş olunub. Rəsmi hissənin sonunda ATU-nun himni səsləndirilib.

Tədbir müxtəlif mövzular ətrafında müzakirə və məruzələrlə davam edib.

Konqresin işinə dekabrın 9-da yekun vurulacaq.

Qeyd edək ki, konqres Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunaraq 12 davamlı tibbi təhsil balı ilə qiymətləndirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.