SİYASƏT


Otto Hauzer: Azərbaycanda heç bir müsəlman ölkəsi ilə müqayisə olunmayacaq səviyyədə dini tolerantlıq mövcuddur

Berlin, 13 oktyabr, AZƏRTAC

Almaniyanın “Ludwigsburger Kreiszeitung” qəzetində Azərbaycanın bu ölkənin Ştutqart şəhərindəki fəxri konsulu O.Hauzerin “Din heç bir rol oynamamalıdır” sərlövhəli müsahibəsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, müsahibədə Ermənistanın işğal etdiyi Dağlıq Qarabağı və ətraf rayonları Azərbaycana qaytaracağı təqdirdə Dağlıq Qarabağ münaqişəsinə tezliklə son qoyula biləcəyi qeyd olunur. Bildirilir ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Ermənistandan Azərbaycan torpaqlarının qanunsuz hərbi işğalına son qoymaq, eləcə də ermənilər tərəfindən deportasiya olunmuş yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün öz evlərinə qayıtmalarına imkan yaratmaq tələb olunur. Azərbaycan öz ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa dəfələrlə muxtariyyət təklif edib. Dünya ictimaiyyəti, o cümlədən Almaniya işğal olunmuş əraziləri Azərbaycanın suveren ərazisi kimi tanıyır.

O.Hauzer diqqətə çatdırıb ki, 1918-ci ildə Cənubi Qafqazda 3 respublika təsis olunub və o vaxt Dağlıq Qarabağ Ermənistanın deyil, Yelizavetpol quberniyasının (indiki Gəncə) tərkibində olub. BMT, onun üzvləri, eləcə də Almaniya Dağlıq Qarabağ da daxil olmaqla Sovet Azərbaycanının sərhədlərini tanıyıb. Münaqişə yalnız Dağlıq Qarabağla bağlı deyil. Belə ki, Ermənistan, Dağlıq Qarabağın inzibati ərazisinə daxil olmayan 7 ətraf rayonu da işğal altında saxlayır.

Fəxri konsul bildirir ki, ermənilər köçürülmədən və “soyqırımı”dan qorxmamalıdırlar. Çünki onlar 1992-ci ildə 1 milyondan çox azərbaycanlını yurd-yuvalarından didərgin salıb, Xocalıda 600-dən çox mülki şəxsi qətlə yetiriblər.

Hazırkı müharibədə Azərbaycan tərəfində guya muzdluların və türk əsgərlərinin vuruşması ilə bağlı məsələyə münasibət bildirən O.Hauzer deyib ki, bununla bağlı heç bir fakt mövcud deyil. Ermənilər Azərbaycanla sərhəddən çox uzaqda yerləşən Gəncə şəhərində mülki əhaliyə qarşı kasetli bombalardan istifadə ediblər və bu, Cenevrə Konvensiyasına ziddir.

Müsəlman Azərbaycan ilə xristian Ermənistanın müqayisə olunmasının tamamilə səhv təəssürat yaratdığını qeyd edən fəxri konsul deyib: “Azərbaycanda heç bir digər müsəlman ölkə ilə müqayisə olunmayacaq səviyyədə dini tolerantlıq mövcuddur. Azərbaycanda pravoslav və katolik xristianlar, o cümlədən yəhudilər sülh şəraitində yaşayırlar. Hökumət dini icmaları maliyyələşdirir və onlara ibadət etmək üçün hər cür şərait yaradıb. Bu xüsusda, belə bir nəticənin çıxarılması tamamilə səhvdir”.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.