İDMAN
Otüstü xokkey üzrə Azərbaycan çempionatları və birinciliklərində fasilə başa çatır
AZƏRTAC xəbər verir ki, sentyabrın 11-də kişilərdən ibarət komandalar ikinci dövrəyə başlayacaqlar.
Çempionatın ilk hissəsində 4 iştirakçı dairəvi sistemlə bir-biri ilə 2 dəfə qarşılaşıblar. Keçirdiyi 6 oyunun 5-də qələbə qazanan və birini heç-heçə başa vuran “Atasport” (Bakı) turnir cədvəlinin lideridir. Son illərin çempionu “Akkord” rəqibindən 5 xal geri qalaraq ikinci yeri tutur.
Qadın otüstü xokkeyçilərin ölkə çempionatında da 4 komanda sentyabrın 21-dən ikinci dövrənin startına çıxacaq.
Yarışın ilk yarısını birinci yerdə başa vuran “Atasport-2” (Bakı) komandası 13 xal toplayıb. Qusarın “Şahdağ” komandası liderdən cəmi 1 xal geri qalır.
Sentyabrın 21-də 17 yaşadək oğlan xokkeyçilərdən ibarət 4 komanda da ölkə birinciliyinin mükafatları uğrunda mübarizəyə qoşulacaq.
Yarışın ilkin mərhələsində 8 komanda 2 yarımqrupda mübarizə aparıb. Yarımqruplarda ilk 2 yeri tutan iştirakçılar ikinci dövrədə dairəvi sistem ilə bir-biri ilə 2 dəfə görüşəcəklər. Yekunda mükafatçılar aşkarlanacaq. Medallar uğrunda “Atasport” (Sumqayıt), “Atasport-Binə”, “Olimp” (Masallı) və “Xəzər” (Lənkəran) komandaları mübarizə aparacaqlar.
On beş yaşadək oğlanlardan ibarət komandaların yarışı isə sentyabrın 27-də başlayacaq.